Infoteka.az
İqtisadiyyat

Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BƏƏ-nin Əbu-Dabi şəhərinə səfər edib. Qeyd etmək lazımdır ki, iki ölkə arasında yüksək səviyyəli münasibətlər mövcuddur. Hər iki tərəf bu münasibətləri digər sahələrlə yanaşı iqtisadi-ticarə əlaqələrə yönəltməyə daim maraq göstərib. Ötən dövr ərzində Bakı və Əbu-Dabi arasında 30-dan artıq sənəd imzalanmışdır. Bu sənədlər müxtəlif sahələri; siyasi, mədəni, səhiyyə, iqtisadi, qarşılıqlı sərmayə qoyuluşunu əhatə edir.

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin arasında ticarət dövriyyəsinin 2021-ci illə müqayisədə 2,5 dəfə artdığı və bu məbləğin 90 milyon dolları keçdiyi xüsusi olaraq vurğulanır. Dubay şəhərində 2017-ci ildən Ticarət nümayəndəliyimiz, 2019-cu ildən isə yerli məhsulların Körfəz ölkələrinə satışını təşkil etmək üçün “Azərbaycan Ticarət evi” fəaliyyət göstərir. Azərbaycan tərəfindən bu ölkəyə 513 milyon sərmayə yatırılmışdır. Azərbaycanda isə bu ölkənin 233 investisiyalı şirkəti fəaliyyət göstərir. Zaman keçdikcə tərəflər arasında yeni çağırışlar meydana çıxır və tərəflər bu çağırışlara uyğun olaraq bu və ya digər sahələrdə əlaqələrini gücləndirməkdə fayda görürlər. Belə ki, ötən ildən etibarən enerji sahəsində əməkdaşlığın önə çıxdığını deyə bilərik. BƏƏ-yə aid “Masdar” şirkəti Azərbaycanda Qaradağ Günəş elektrik stansiyasının tikintisinə sərmayə qoydu və bu stansiyanın təməli qoyuldu. 225 milyon dollar dəyərində bu layihə 230 mb gücündə enerji istehsalı deməkdir.

Bu stansiya vasitəsilə Azərbaycan dövləti həm daxili tələbatın ödənilməsinə, həm də ixrac potensialının təmin edilməsinə çalışacaq. Gələcəkdə Qarabağ və Şərqi Zəngəzur da bu stansiyadan faydalanacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev stansiyanın təməlqoyma mərasimindəki çıxışında deyirdi: “Masdar” şirkəti bizim üçün dost ölkəni – BƏƏ-ni təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artıb, turizm sahəsində çox böyük imkanlar var. Şadam ki, enerji sahəsindəki əməkdaşlığa da bugün start verilir.”

Bu günlərdə baş tutan səfər isə ikitərəfli əlaqələri daha da gücləndirəcək, həm də Əbu-Dabinin ev sahibliyi etdiyi müzakirələr istiqamətində – bərpa olunan enerji, iqlim dəyişikliyi və ekoloji təmizlik formalaşmasında Azərbaycanın  rolunu artırmış olacaq. Tərəflər sülhsevər dövlət olduqlarını və regionda sülhə töhfə verməyə hazır olduqlarını xüsusi olaraq qeyd etdilər.

Zəkiyə Hacıyeva

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi

© Materiallardan istifadə edərkən infoteka.az saytına istinad olunmalıdır

Infoteka.az