1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilmişdi. 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi vəziyyəti daha da gərginləşdirmiş və Muxtar Vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılmasına səbəb olmuşdu. 1990-cı il yanvarın 13-15-də SSRİ Təhlükəsizlik Komitəsinin Sumqayıt ssenarisi əsasında ermənilərin öz əli ilə “erməni talanları” törətməsi vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Nəhayət, 1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün qanlı yanvar qırğınını törətdi.
1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasosnu (indiki Z.Tağıyev qəsəbəsi) aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropol, Rostov və Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi.
15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin sədri M.Qorbaçov DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görmək təklif edilmişdi. Lakin buna baxmayaraq, SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman qəbul etmişdi. Müəyyən edilmişdi ki, bu fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçov İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdu.
Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən, Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi.
Fövqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirmişdilər.
Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçmiş. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək Sovet ordusu öz dövlətinin vətəndaşlarına qarşı qəddar cinayət törətmiş, 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Müəyyən olunmuşdu ki, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməli idi. Lakin buna qəsdən əməl olunmamışdı. Kütləvi insan qırğını törədildikdən sonra - yəni, 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdi. Halbuki, yanvarın 19-da gecə saatlarında başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Azərbaycan xalqına qarşı törədilmiş bu təcavüz aktı mərhələ-mərhələ həyata keçirilmiş, şəhərdə qarətlərlə nəticələnən təxribatlar törədilmişdi.
Fövqəladə vəziyyət elan edildikdən sonra da, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 57 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada 2 nəfər və yanvarın 26-da Lənkəranda 6 nəfər qətlə yetirilmişdi.
Beləliklə, Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdı. Lakin bütün bunlar Azərbaycan xalqının gözünü qorxutmadı, əksinə, onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı.
Xalqa qarşı Sovet ordusunun qanlı cinayətləri isə hələ bitmək bilmirdi. Qanlı qırğına etirazını bildirmək üçün Bakı buxtasına gəlmiş “Xəzərneftdonanması”nın gəmiləri hərbi gəmilər tərəfindən mühasirəyə alınaraq gülləbaran edilmiş, onlarla dənizçi həbs olunmuşdu. “Sabit Orucov” gəmisi “SOS!” siqnalı ilə bütün dünyaya faciə barədə məlumat vermişdi. Şəhərə dənizdən hücumun qarşısını almaq üçün Azərbaycan dənizçiləri həyatlarını riskə ataraq bütün gəmiləri Bakı buxtasına yığmışdılar. Yanvarın 21-də saat 20.30 radələrində iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alan dənizçilər silahlı quldurlarla əliyalın qeyri-bərabər mübarizəyə girişmişdilər. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində “Neftqaz-18”, “Neftqaz-64”, “Aktau”, “Şirvan-2”, “Çeleken-1”, “Atlet-21”, “Vodoley-4” gəmiləri ciddi zədələnmişdi. Qanlı Yanvardan sonra başlanmış kütləvi repressiyalara qəhrəman dənizçilər də məruz qalmışdılar.
Bir sözlə, bu qanlı Yanvar faciəsi Qorbaçovun antiislam və antitürk siyasətini üzə çıxardı. Elə ona görə də, deyə bilərik ki, törədilmiş qanlı cinayətə görə birbaşa olaraq, məsuliyyət daşıyanlardan biri də SSRİ-nin o vaxtkı rəhbəri M.Qorbaçovdur. Amma bu günə qədər onun bu qanlı faciəyə rəvac verən qərarlarına görə, cəzalandırılması baş tutmadı. Bu gün hər kəsi düşündürən bir məsələ var. Nə üçün Alma-Ata (1986), Tbilisi (1989), Vilnüs (1991) hadisələri 20 Yanvar faciəsi qədər qanlı və genişmiqyaslı olmamışdı? Nə üçün Tbilisi və Vilnüs hadisələri ilə əlaqədar Qorbaçov peşman olduğunu bildirdi, gürcü və Litva xalqlarından üzr istədi, amma Azərbaycanda baş vermiş hadisələrlə əlaqədar isə bunu etmədi?
Qeyd edək ki, tarixə Nürnberq prosesi kimi daxil olmuş beynəlxalq tribunalın qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri dünya və insanlıq əleyhinə qəsd (mülki əhalinin qırılması, onunla qəddar davranış, ictimai və şəxsi əmlakın talanması və s.) hazırlamaqda və həyata keçirməkdə ittiham olunmuşdular. Məhz buna görə, indiyədək dünyanın hər yerində dövlət orqanları və ictimai hərəkatlar bütün rütbə və mənsəblərdən olan nasist cinayətkarları aşkara çıxarır və ədalət məhkəməsinə verirlər. Nürnberq prosesi tarixdə təcavüzü ən ağır cinayət elan etmiş ilk beynəlxalq məhkəmədir. SSRİ və Azərbaycan rəhbərlərinin, habelə 1990-cı ilin yanvarında Azərbaycana soxulmuş Sovet hərbi kontingentinin hərəkətlərində Nürnberq prosesində pislənmiş bütün əlamətlər var. Məhz buna görə də, 20 Yanvar faciəsinin bütün müqəssirləri öz əməlləri üçün xalq qarşısında, ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
Təbii ki, Qorbaçov bu dəhşətli cinayətə görə, məsuliyyət daşıyan yeganə adam deyildi. Məlum olduğu kimi, xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərləri iştirak etməmişdilər. Sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini göstərirdi. Bu bir həqiqətdir ki, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov Moskvanın bütün göstərişlərini sözsüz yerinə yetirərək, öz xalqına qarşı ağır cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olmuşdu. Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçko, hökumətin sədri A.Mütəllibov, DTK-nın sədri V.Hüseynov bu cinayətin birbaşa iştirakçıları idilər. Eyni zamanda, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi M.Məmmədov Bakıya qoşun bölmələrinin yeridilməsinə qarşı tədbirlər görülməməsinə, vətəndaşların təhlükəsizliyinin təmin edilməməsinə görə siyasi məsuliyyət daşıyır. Həmçinin, Azərbaycan KP MK Bürosunun digər üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri mənəvi-siyasi məsuliyyət daşıyırlar. Qanlı faciədən sonra onlar nəinki etiraz etmədilər, hətta heç səslərini də çıxarmadılar. Amma Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu.
Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub.
Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin məşəqqətli gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız, müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Elə buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, Şəhidlərimizin əziz ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.