İtaliya Futbol Federasiyasının (FIGC) prokurorluğu maliyyə fırıldaqlarına görə Turinin “Yuventus” futbol klubundan ölkə çempionatında doqquz xalın silinməsini tələb edib.
Məlumata görə, məsələ cümə günü FIGC məhkəməsində qaldırılıb.
Prokurorlar həmçinin “Yuventus”un sabiq prezidenti Andrea Anyellinin 16 ay, klubun keçmiş vitse-prezidenti Pavel Nedved və keçmiş icraçı direktor Maurisio Arrivabenenin 12 ay müddətinə futboldan uzaqlaşdırılmasını tələb ediblər.
Bundan əlavə, federal prokuror Cüzeppe Cine cinayət sxemində iştirak edən klubların cəzalandırılmasını tələb edib. Klubun müdafiəsi isə hesab edir ki, prokurorluğun tələbləri qəbuledilməzdir, çünki iş 2022-ci ilin aprelində bağlanıb.
Xatırladaq ki, Anyelli, Nedved və Arrivabene noyabrda vəzifələrindən ayrılıblar. Onlar və digər liderlər “Yuventus”un maliyyə idarəçiliyi ilə bağlı pozuntularda şübhəli bilinirdilər. Xüsusilə, ittihamlar yanlış maliyyə məlumatlarının təqdim edilməsi, fırıldaqçılıq və oyunçuların alış məbləğlərinin şişirdilməsi ilə bağlı idi. Aprel ayında FIGC məhkəməsi şübhəlilərə bəraət verib.
Qeyd edək ki, hazırda “Yuventus” İtaliya çempionatında 18 oyundan sonra 37 xalla üçüncüdür.