"Güclü Türkiyə güclü NATO deməkdir".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yanvarın 20-də Almaniyanın Ramşteyn hərbi hava bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasında sonra deyib.
ABŞ-dan 40 ədəd F-16 Viper təyyarəsinin tədarükü və 79 təyyarənin modernləşdirilməsi tələbi ilə bağlı danışan nazir, bunun qısa zamanda tamamlana bilməyəcək bir proses olduğunu deyib.
"Hələ ki, prosesi müsbət hesab edirik. Bəzi siyasi fiqurlar həm ABŞ, həm də NATO maraqlarına qarşı son dərəcə qərəzli cəhdlər ediblər. Onların qoyduğu məhdudiyyətlər sonradan aradan qaldırılıb. Bu qərəzli bəyanatlara, fəaliyyətlərə baxmayaraq, digər tərəfdən, bu məsələdə ağıllı insanların rol oynayacağına və sağlam düşüncənin qalib gələcəyinə inanırıq. Ümid edirik ki, tez bir zamanda bu, konkret və müsbət nəticə ilə yekunlaşacaq".
Akar Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun toplantısı çərçivəsində ABŞ müdafiə naziri Lloyd Ostin ilə ikitərəfli görüş keçirdiyini deyib:
"ABŞ Müdafiə Nazirliyinin bu mövzuda Türkiyəyə güclü dəstəyini bir daha gördük".
Alınacaq təyyarələrin təkcə Türkiyənin deyil, həm də NATO və İttifaqın güclənməsi anlamına gələcəyinə diqqət çəkən Akar, "Güclü Türkiyə, güclü silahlı qüvvələr, güclü NATO, güclü İttifaq deməkdir. Hər kəsin bunu anlamasını gözləyirik", - deyə vurğulayıb.