Dünyanın ən yaxşı baş məşqçilərinin 2023-cü il üçün ilk reytinqi açıqlanıb.
Məlumata görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.
Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycan klubları iki mütəxəssislə təmsil olunub.
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Top-500”də qərarlaşıb.
Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 206-cidir. 51 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə bir pillə irəliləyib.
“Neftçi”nin rumıniyalı çalışdırıcısı 1627 xalla 175-ci yerdədir. Rumıniyalı mütəxəssis ötən siyahıdakı mövqeyini qoruyub.
Qeyd edək ki, ilk “üçlük”də Pep Qvardiola (2194), Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) qərarlaşıb.