Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib.
Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixinə yazdırmağı bacaran sənətkarlardandır.
Leyla Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda anadan olub. Atası Ağalar kişi uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Ehtiyata buraxıldıqdan sonra isə Energetika Texnikumunda direktor işləyib, 90 yaşında vəfat edib. Anası Bikə xanım isə Şəmkirin Dəllər kəndindəndir.
Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özüylə oraya aparırmış. Gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan Bədirbəyli Dövlət Filarmoniyasına dəvət edilir.
On altı yaşında rəqqas Fərəc Cavanşirovla ailə həyatı qurur. Bir il sonra onların oğlu doğulur. Gənc ana olan aktrisa işindən ayrılmır və səhnə fəaliyyətini davam etdirir. Leyla Bədirbəyli ilə Fərəc Cavanşirovun evliliyi cəmi dörd il çəkir.
İkinci həyat yoldaşı diş həkimi Kamil Aslanovla tanışlığının isə qəribə tarixcəsi olub. Kamil Aslanov ixtisasca diş həkimi olub, amma rəqs etməyi xoşlayır, gözəl rəqs edirmiş. Əli Bayramov klubuna gedir, Leylanı orada görür və çox bəyənir. Bir gün Leyla anasını da götürüb diş həkiminə aparmaq adı ilə Kamilin işlədiyi xəstəxanaya gətirir. Lakin bu gedişlərin sayı çoxaldıqca Leylanın anasının da hər dəfə bir dişi çəkilirmiş. Elçi gələndə isə artıq hər şey bəlli olur. Bikə xanım zarafata salıb deyir: "Bir-birinizi sevdiyinizi əvvəldən desəydiniz, mən də dişlərimi çəkdirməzdim".
Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.
1945-ci ildə Rza Təhmasib "Arşın mal alan" filmini çəkərkən Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Üzeyir Hacıbəyovun tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Hətta belə iddialar da səsləndirilir ki, gözəllik aşiqi olan Üzeyir bəy Leyla Bədirbəylini bu rola ona olan sonsuz sevgisinə görə tövsiyə edib.
"Arşın mal alan" qısa vaxt ərzində dünya şöhrəti qazanır. Filmin yaradıcı qrupu, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə "Stalin mükafatı"na layiq görülürlər.
Leyla Bədirbəylinin məşhurlaşmasında böyük rol oynamış digər şəxs isə İosif Stalin idi. Onun Bədirbəylini "Qafqaz gözəli", "Azərbaycan gözəli" adlandırmasından sonra aktrisanın gözəlliyi daha böyük marağa səbəb olmuşdu. Sonralar isə şayiələr yayılır ki, guya Leyla xanımın sovet dövlətinin rəhbəri ilə isti münasibətləri var.
Əlbəttə, Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.
Sara Qədimova ilə Leyla xanım yaxın rəfiqə olublar. Aktrisanın hərbçi olan və müharibəyə gedən atası haqqında 1943-cü ildə itkin düşmə xəbəri gəlir. Dörd ildən sonra isə ata sağ-salamat geri qayıdır. Bir gün aktrisa Sara xanımgildə qonaq olarkən telefon zəng çalır. Sara xanıma deyirlər ki, Leylaya qəfil deməyin, atası qayıdıb. Sara xanım Leylaya təklif edir ki, onu anasıgilə qonaq aparsın. Leyla Bədirbəyli evlərinin qapısından içəri girəndə atasını sağ-salamat görür və ürəyi gedir.
Leyla Bədirbəyli çox savadlı və qabiliyyətli xanım olub. Paltarlarının bəzilərini özü tikər, üzərinə iplə toxunmuş bəzəkli güllərdən naxış salarmış. Çox dadlı şirniyyat, gözəl tortlar bişirməyi bacarırmış. Bunun üçün hətta xarici ölkələrdən tort bişirmək üçün xüsusi avadanlıqlar gətizdirirmiş. Halvanı, şəkərburanı o qədər dadlı bişirərmiş ki, adamlar bunları onun özünün hazırladığına inanmırmışlar.
Əntiq əşyalar, heykəllər satın almağı çox sevib. Xırda heykəlciklərdən ibarət kolleksiyası olub. Xaricə gedəndə məşhur ustaların əl işlərini alıb gətirərmiş.
Çoxları bilmirlər ki, xalq şairi Səməd Vurğun da Leyla Bədirbəylinin gözəlliyinin aşiqi olub. Hətta şairin aktrisaya "Allı-güllü Leylam" adlı şeir də həsr etdiyi deyilir. Həmin şeir isə sonradan mahnıya çevrilib.
Leyla Bədirbəyli xeyli müddət Akademik Milli Dram teatrında aktrisa kimi fəaliyyət göstərib. Adil İskəndərov teatra rəhbərlik etdiyi dönəmlərdə ən yaxşı qadın obrazlarının bir çoxunu Leyla xanıma həvalə edirmiş. Bu isə o zamanlar teatrın priması hesab olunan, demək olar ki, bir çox qadın aktrisalarla intriqalar yaşayan Hökümə Qurbanovanın xoşuna gəlmir. Onların arasında ziddiyyətli münasibətlər yaranır. Və nəhayət, günlərin birində yaşlansa belə, gözəlliyini itirməyən aktrisanın adı gənc aktyorla hallanır. İclasların birində söhbət açılır. Bundan sonra aktrisa doğma teatrından incik düşür və oradan gedir. Sonra heç vaxt "Azdrama"ya qayıtmır.
Allah ona hər şeyi nəsib etmişdi. Gözəllik, ailə səadəti, sənət uğuru. Onun xoşbəxt ailə həyatı var idi. Onu sevən və sevilən həyat yoldaşı, 2 övladı və nəvələri. O, dünyada ən gözəl hiss olan analıq hissini yaşamışdı. Ürəyində heç bir arzusu qalmamışdı. Qadınlar arasında birinci “İstiqlal” ordenini Leyla Bədirbəyli, ikincisini isə Əminə Dilbazi alıb. Lakin hər şey öz axarı ilə davam etdiyi zaman ailədə faciə baş verir. Həyat yoldaşı Kamil Aslanov Almaniyaya gedir. 1995-ci ildə o, Almaniyadan Azərbaycana qayıdanda Ukraynada yağışlı havada maşın sürüşür, çevrilir və ağır qəzaya düşərək vəfat edir. Ərini ürəkdən sevən həyat yoldaşı üçün bu itkiyə dözmək çox çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərd üzərinə daha bir dərd gəlir... Heç bir il keçməmiş buna bənzər daha bir faciə baş verir. Leyla Bədirbəylinin böyük qızı Lalə xanımı Kukla Teatrının qabağında maşın vurdu.
Məhz bu iki hadisədən sonra Leyla Bədirbəyli əsəb xəstəliyinə tutulur, heç kimlə görüşmək, danışmaq istəmir və özünə qapanır. 3-4 il ümumiyyətlə evdən çölə çıxmır. Yalnız 1999-cu ilin yanvar ayının 1-də mərhum prezident Heydər Əliyev ona "İstiqlal" ordenini verərkən evdən çıxır.
1999-cu il noyabrın 23-də hamının gözəlliyinə heyran olduğu qadın, böyük sənətkar Leyla Bədirbəyli 79 yaşında gözlərini əbədi olaraq yumdu. Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı Leyla xanımın yaradıcılığı isə ölməzdir, əbədidir.





