Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri təsdiqləyib.
İnfoteka.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
V.Putin həmçinin həmin vilayətlərə qubernatorlar təyin edib.
Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.
Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.
Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.
Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.
Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinn rəhbərləri imzalayıblar.