Infoteka.az
İqtisadiyyat

Davos İqtisadi Forumu- Azərbaycanın nüfuzunun və iqtisadi gücünün dünyaya nümayişi

Prezident cənab İlham Əliyevin xarici ölkələrə səfərləri və səfər çərçivəsində keçirdiyi görüşlər, imzaladığı sənədlər, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdəki çıxışları dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənilir. İki il əvvəl Vətən müharibəsində qazandığımız parlaq Qələbə və dünyanın qüdrətli dövlətlərinin, həmçinin mötəbər beynəlxalq təşkilatların 30 il ərzində nizamlamaqda aciz qaldıqları problemin ölkəmiz tərəfindən 44 gün ərzində hərbi və siyasi yolla həll edilməsi Azərbaycanın dünyadakı dostlarının, habelə strateji tərəfdaşlarının sayını daha da artırdı. Prezident cənab İlham Əliyevin bir neçə gün əvvəl İsveçrəyə səfəri  və səfər çərçivəsində Davosda Dünya İqtisadi Forumunun tədbirlərində iştirakı, həmçinin keçirdiyi görüşlər ölkəmizin dünyada artan reytinqinin  növbəti  göstəricisidir.

50 ildən çoxdur ki, keçirilən Davos İqtisadi Forumuna dünya liderləri, nüfuzlu şirkətlərin rəhbərləri qatılır. Builki Davos İqtisadi Forumunda müzakirələr postpandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafıdır. Bu Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayaraq qlobal iqtisadiyyata və siyasi proseslərə yeni istiqamətlər verir.  Bu mənada Foruma dövlətimizin başçısı İlham Əliyevin növbəti dəfə dəvət olunması Azərbaycan Prezidentinin yeni konfiqurasiya quruluşu dövründə də beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. Qeyd edilməlidir ki, builki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir.

Səfər çərçivəsində ölkə başçısı Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib. Müsahibədə vurğulanıb ki, Çin və Azərbaycan yaxşı dostlardır, ölkələr arasında etibarlı münasibətlər vardır. Mütəmadi olaraq hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur, münasibətlər günü-gündən möhkəmlənir. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində "Bir kəmər, bir yol" Sammiti çərçivəsində keçirilən toplantıda Prezident İlham Əliyevi "Çinin böyük dostu" adlandırıb.

Son 30 il ərzində iki dövlət arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub və siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. beynəlxalq təsisatlar çərçivəsində iki dost ölkə arasında çox yaxşı əməkdaşlıq əlaqələri yaradılıb. Hər iki dövlət rəhbərləri və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müxtəlif müxtəlif beynəlxaq toplantı və görüşlərdə ölkələrimiz həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər.

Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır. Əlaqələrimizin gözəl perspektivləri mövcuddur. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər. Azərbaycan Çinlə həm də enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir.
Ölkə başçısı cənab İlham Əliyev öz müsahibəsində qeyd edib ki, hazırda Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Hazırda ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.

Azərbaycanın tranzit ölkə kimi imkanlarına gəldikdə bildirilib ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Bu gün Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcəklər.

"Bir kəmər, bir yol" təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa edib. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və onun 25 milyon tona qədər artırılması nəzərdə tutulub. Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa edilib.

 Azərbaycanda hazırda dəmir yolu infrastrukturuna geniş investisiya yatırılıb. Bakıdan qərb istiqamətində infrastrukturu genişləndirmək üçün ölkəmiz əlavə sərmayə yatırır, yeni dəmir yolu xətləri çəkilir. Həyata keçirilən işlərin nəticəsidir ki, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilib. Avtomagistrallar və hava limanları kimi layihələrdə həyata keçirilir. Şimal-Qərb marşrutu üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər.

Qeyd edilməlidir ki, tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir.

Prezident cənab İlham Əliyev müsahibəsində vurğulayıb ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Hazırda Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub.

Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir. Bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Ölkəmiz yeni-yeni belə layihələrin həyata keçirilməsində maraqlıdır və bu işlər gələcəkdə də davam etdiriləcəkdir.

Prezident cənab İlham Əliyev onu da bildirib ki, 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Azərbaycan kasıblığın nə olduğunu yaxşı bildiyi üçün digər ölkələrə kömək əlini uzatdı. Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik.

Dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Çin bunu qlobal miqyasda edir. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur.

Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır – artım nə qədər olacaq, faiz dərəcəsi hansı səviyyədə olacaq və sair. Çin hökuməti qlobal məsuliyyəti dərk edir.

Beləliklə, son Davos Forumunu da Azərbaycan üçün uğurlu saymaq olar. Beynəlxalq ictimaiyyət Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına bir daha əmin oldu. Bu isə o deməkdir ki, Azərbaycanın artan nüfuzu, regionda söz sahibi olması və qüdrətlənməsi dünyanın aparıcı siyasi və iqtisadi dairələri tərəfindən birmənalı təsdiq edilir.

Şəbnəm Kərimova

Suraxanı rayonu 97 nömrəli tam orta məktəbin Azərbaycan dili, Ədəbiyyat müəllimi 

© Materiallardan istifadə edərkən infoteka.az saytına istinad olunmalıdır

Infoteka.az