Səudiyyə Ərəbistanı dollardan imtina edərək, xarici ticarət əməliyyatlarını milli valyutalarla həyata keçirməyə hazırlaşır.
Bu barədə Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cədaan Davos İqtisadi Forumunda çıxış edərkən deyib. Nazir bildirib ki, Səudiyyə Ərəbistanı bu məsələni ticarət tərəfdaşları ilə müzakirə etməyə hazırdır. Xarici ticarətdə avro, Səudiyyə rialı və digər valyutalar istifadə oluna bilər.
Nəzərə çatdıraq ki, BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qarşılıqlı ticarəti milli valyutalarla davam etdirmək barədə razılıq əldə ediblər.
Beynəlxalq ekspertlər hesab edirlər ki, BRICS ölkələri qarşılıqlı ticarət üçün vahid valyuta yarada bilsələr, ABŞ dollarının dünyadakı mövqeyinə güclü zərbə dəyəcək və onun dəyərdən düşməsi prosesi başlayacaq.
Qeyd edək ki, BRICS 2006-cı ilin iyununda Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb. Dünya əhalisinin 41,5 faizinin (3 milyard 21 milyon) yaşadığı BRICS ölkələrinin xarici işlər və maliyyə nazirləri hər il sammit keçirərək qlobal iqtisadi problemləri müzakirə edirlər.
Siyasi müşahidəçilər Səudiyyə Ərəbistanının bu mövqeyini Davos İqtisadi Forumunda baş verən mühüm hadisə adlandırıblar.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Çin prezidenti Si Tsinpin Səudiyyə Ərəbistana səfər edib. Sonra ölkə lideri enerji əməliyyatlarında yuanın istifadəsini aktivləşdirməyi, həmçinin ticarət hesablaşmaları üçün Şanxay birjasından istifadə etməyi təklif edib. Tərəflər ərəb ölkəsinin iqtisadiyyatına 50 milyard dollar sərmayə yatırılması haqqında saziş imzalayıblar.