Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaları müharibə səbəbindən daha 6 ay uzatmaq qərarına gəlib.
Bu barədə Avropa İttifaqı Şurasından verilən bəyanatda bildirilib.
Bəyanatda, Rusiya iqtisadiyyatının bəzi sahələrini hədəf alan sanksiyaların 31 iyul 2023-cü ilə qədər uzadılmasına qərar verildiyi bildirilib.
Rusiyaya qarşı iqtisadi sanksiyaların ilk olaraq 2014-cü ildə tətbiq edildiyi xatırladılan bəyanatda 2022-ci ilin 24 fevral tarixində başlayan Rusiya-Ukrayna müharibəsi ilə sanksiyaların əhəmiyyətli dərəcədə genişləndiyi qeyd edilib.
Rusiyaya qarşı sanksiyaların davam etdiyi vurğulanan bəyanatda Rusiyadan Avropa İttifaqına xam neft və bəzi neft məhsullarının idxalının qadağan edildiyi bildirilib. Bəyanatda həmçinin bu çərçivədə bəzi Rusiya banklarının beynəlxalq ödəniş sistemi SWIFT-dən çıxarıldığı və bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırıldığı bildirilib.
Avropa İttifaqının Rusiyaya qarşı iqtisadi sanksiyaları hər 6 aydan bir uzadılır.
Qeyd edək ki, Rusiya 2014-cü ilin martında Krım Muxtar Respublikası və Sevastopol şəhərini qanunsuz şəkildə ilhaq edib.