Infoteka.az
Dünya

İlon Mask ABŞ prezidenti Co Baydenin baş məsləhətçiləri Con Podesta və Miç Landreu ilə görüşüb

Elektrikli avtomobil istehsalçısı ''Tesla'' şirkətinin rəhbəri  İlon Mask ABŞ prezidenti Co Baydenin baş məsləhətçiləri Con Podesta və Miç Landreu ilə görüşüb.

Ağ Evin sözçüsü Karine Cen-Pierre keçirdiyi gündəlik mətbuat konfransında İlon Maskın Baydenin təmiz enerji ilə məşğul olan baş müşaviri Con Podesta və infrastruktur məsələləri üzrə baş məsləhətçi Miç Landreu ilə görüşdüyünü açıqladı.

İlon Mask və məsləhətçilərin inflyasiyanın azaldılması və infrastruktur qanunu çərçivəsində elektriklə işləyən avtomobillərin rolunu, yanacaq əvəzinə elektrik istifadəsinin artırılmasını müzakirə etdiklərini qeyd edən Cen-Pierre görüşün Baydenin infrastruktur məsələlərinə və iqtisadiyyata nə qədər ciddi yanaşdığını göstərdiyini ifadə etdi.

Bu arada Cen-Pierre yanvarın 7-də Tennessi ştatında polis tərəfindən döyülən və aparıldığı xəstəxanada dünyasını dəyişən afroamerikalı Tire Nikolsun döyülməsinə dair  görüntülərin yayılmasının ardından Co Baydenin dünən Nikolsun ailəsinə başsağlığı verdiyini bildirib.

Cen-Pierre həmçinin qeyd edib ki, ABŞ prezidenti Co Bayden Konqresi "Corc Floyd Polis Qanunu"nu qəbul etməyə çağırıb.

Ağ Evin sözçüsü İsrail ilə Fələstin arasında son vaxtlar artan gərginliyin də azaldılmasının vacibliyini vurğulayaraq, hər iki tərəfin bərabər  yaşamağa haqqı  olduğunu bildirib.

Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin bu çərçivədə bölgədə danışıqlar aparacağını açıqlayan Cen-Pierre Co  Baydenin iki dövlətli həll prosesi ilə bağlı vurğusunun davam edəcəyinin qeyd edib.

ABŞ Prezidenti Co Baydenin fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin ildönümündə Ukraynaya səfərinin mümkünlüyü ilə bağlı Cen-Pierre deyib: ‘‘Hazırda müharibənin ildönümündə bölgəyə  səyahət ilə bağlı planımız yoxdur’’.

Infoteka.az