Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Azərbaycan yığmasını İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 38-ci dünya kubokundakı parlaq qələbəsi münasibətilə təbrik edib.
"2023-cü ildə Sankt Moritzdə qar polosu üzrə dünya kubokunun qalibi, Odlar Yurdu Azərbaycanın komandası ilə birlikdə olmaqdan məmnun oldum! 2022-ci ildə də bu cür qələbə qazanmış arzularımızın komandası ikiqat çempion oldu! Azərbaycan Atçılıq Federasiyasını səmimi qəlbdən təbrik edirəm, bu möcüzə onların sayəsində baş verdi", - səfir Tvitter səhifəsində yazıb.
Xatırladaq ki, yanvarın 27-də başlamış dünya kubokunda ölkəmizi Azərbaycan Atçılıq Assosiasiyasının "Land of Fire" komandası təmsil edir. Komandamız birinci turda yarımfinala daxil oldu və öz qələbəsini Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun qarşısını alarkən şəhid olmuş baş leytenant Orxan Əsgərovun xatirəsinə həsr etdi.
Yanvarın 29-dək davam etmiş müsabiqə çərçivəsində Azərbaycan pavilyonunu ziyarət etmiş çoxsaylı qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti və zəngin turizm imkanları haqqında məlumat verilib.