Infoteka.az
Sosial

Qalib dövlətin uğurlu gəncləri

Gənclər cəmiyyətin əsas hərəkətverici qüvvəsi, inkişafının açarıdır. İctimai həyatın müxtəlif sahələrində yeniliklərin tətbiqi ilk növbədə gənc nəslin fəaliyyəti ilə bağlıdır. Ümumiyyətlə, gənclərin ictimai həyatın bütün sahələrində rolunun artırılması istiqamətində müxtəlif layihə və proqramlar hazırlanır, mühüm fəaliyyət planlarının həyata keçirilməsi məqsədilə qlobal tərəfdaşlıq əlaqələri qurulur. Ayrı-ayrı ölkələrdə gənclər siyasətinin öyrənilməsi bu sahənin inkişafı və uğurlu nəticələrin əldə edilməsi üçün zəruri şərtdir.

Məlum olduğu kimi, Azərbaycanda Gənclər Günü 1997-ci ildən Ümummilli Lider  Heydər Əliyevin qəbul etdiyi qərarla qeyd olunmağa başlayıb. Artıq 23-cü dəfə qeyd olunan bu il Azərbaycanın inkişafında gənclərin rolunun önə çəkildiyini, eyni zamanda Azərbaycanın gənclərə verilən önəm baxımından dünyada lider ölkə olduğunu göstərir. Heydər Əliyevin atdığı addımla Müstəqil Dövlətlər Birliyində və Şərqi Avropada ilk dəfə olaraq bu gün möhtəşəm şəkildə qeyd olunmağa başladı. Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bu qərardan iki il sonra, 17 noyabr 1999-cu ildə qəbul etdiyi 54/120 saylı qətnamə ilə 12 avqust tarixini “Dünya Gənclər Günü” elan etdi.

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində fəal fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard gücünə çevrilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görülür. Dövlətimizin başçısı 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb.

Azərbaycan gəncləri 44 günlük Vətən Müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstərdilər. Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı. Gənclərimizin mübarizə əzmi təkcə ön cəbhədə deyil,  arxa cəbhədə-informasiya savaşında da diqqəti cəlb etdi. Düşmənin dezinformasiya siyasətinə qarşı hər bir Azərbaycan vətəndaşı, o cümlədən gənclərimiz etiraz səslərini ucaltdı. Cənab Prezident İlham Əliyev də öz çıxışlarından birində “ Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar”  deməklə gəncliyimizə, gələcəyimizə olan inamını, güvənini ifadə etmişdir. Gənclərimiz də cənab Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin həyata keçirilməsində daim onun yanındadırlar.

Şəfəq İbişova

Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin direktoru

© Materiallardan istifadə edərkən infoteka.az saytına istinad olunmalıdır

Infoteka.az