Infoteka.az
Sosial

2 Fevral Gənclər Günü

Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli,mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür. Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmanıdır. Ölkədə hər il 2 fevral -Gənclər günü kimi qeyd olunur.

2 fevral tarixinin “Gənclər Günü “kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1996-cı il 2 fevral tarixində  Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğını dərin ehtiram hissi ilə xatırlayır. Ümummilli lider həmişə gənclərimizə böyük ümidlər bəsləyirdi və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

Azərbaycan gənclərinin təşkilatlanması hər zaman dövlətin qarşısında əsas vəzifə kimi qoyulub. Gənclərimizin bütün sahələrdə fəallığı, uğurları daha da artıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Cənab Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclər qeyri-hökumət təşkilatlarının yaradılması, onların fəaliyyətlərinin təşkili üçün sağlam mühit formalaşdırılmış və hüquqi baza təkmilləşdirilmişdir. 

Daim Azərbaycan gənclərinin yanında olan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ötən illərdə təşkil olunan respublika toplantısında iştirakı, dövlət  başçısının gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi gənc nəslin bütün nümayəndələrini  böyük nailiyyətlər əldə etməyə  daha da həvəsləndirdi.

I Forumda gənclərə müraciət edən Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”.

Bu gün hər bir millətin tərəqqisi, inkişafı həmin millətin gənclərinin aldığı təhsil və tərbiyədən aslıdır.Biz isə Azərbaycan gəncliyinə inanırıq!


Gülnar Həsənova

Xarici Dillər Təmayüllü Respublika gimnaziyasının Azərbaycan dili və ədəbiyyat müəllimi

© Materiallardan istifadə edərkən infoteka.az saytına istinad olunmalıdır

Infoteka.az