Infoteka.az
İdman

Boksçularımız Qızıl kəmər seriyası çərçivəsində ilin ilk yarışında güclərini sınayacaqlar

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qızıl kəmər seriyası çərçivəsində ilin ilk yarışında iştirak edəcək. Yığma komanda fevralın 2-10-da Mərakeşdə keçiriləcək turnirdə güclərini sınayacaq.

Azərbaycan yarışda baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi ilə 10 boksçu ilə təmsil olunacaq. Məşqçilər Qızıl kəmər seriyasında Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcəklər.

Turnirdə ölkəmizi Rövşən Qədirov hakim kimi təmsil edəcək. Komanda fevralın 12-də Vətənə qayıdacaq.

Qeyd edək ki, yarışda 53 ölkədən 370-dən çox boksçunun iştirakı gözlənilir. Onlar 25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə qalibləri müəyyənləşdirəcəklər.

Turnirin püşkü fevralın 1-də atılacaq.

Infoteka.az