Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı cari ilin 30 yanvar tarixində Budapeştdə mətbuata verdiyi bəyanatı ilə əlaqədar
Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.
Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.
Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var. Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.
Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun.
Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.
Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir.
Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələr var. 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə (tələbə təqaüdləri) Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir.
Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.
Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək. Bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Azərbaycan çox maraqlıdır ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, birgə işləyək. Hələ ki, bizim gücümüz yerindədir və əminəm, şəxsi dostluğumuz və ölkə rəhbərləri kimi əməkdaşlığımız bundan sonra da uzun illər davam edəcək.
İxdiyar Nəcəfov
Qaraçuxur bələdiyyəsinin sədri
© Materiallardan istifadə edərkən infoteka.az saytına istinad olunmalıdır