Türkiyənin Qars əyalətində “Qış-2023” birgə hərbi təlimlərinin son günü keçirilir.
525.az xəbər verir ki, təlimlərə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstanla yanaşı, ümumilikdə 17 ölkədən hərbçilər iştirak edir.
Təlimlərdə 2113 nəfərlik şəxsi heyət iştirak edir, onlardan 189-u xarici ölkələrdən qatılan hərbçilərdir.
Kəskin hava şəraitində keçirilən “Qış-2023” təlimlərində Türkiyənin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, xüsusi təyinatlıları və digər silahlı bölmələri iştirak edir.
Qeyd edək ki, Azərbaycan təlimlərə tank, snayper, Hərbi Hava Qüvvələrinin bölmələri (paraşüt) və Silahlı Qüvvələrinin Baş Qərargahının şəxsi heyəti ilə qatılıb.
Təlimlərin məqsədi müştərək hərəkatın icrasına dair koordinasiya və sinxronluğu təmin etmək, kəskin hava şəraitində atəş və digər hərbi manevrləri təkmilləşdirmək, o cümlədən qış fəslində bölmələrin yerləşməsini təmin etməkdir. 18 yanvar - 2 fevral tarixlərində keçirilən təlimlər çərçivəsində ilk dəfə olaraq “GİRİT” tank əleyhinə raket sistemi, “KN-12” snayperi, “KARGU” kamikadze dronları, digər silah və hərbi texnika cəlb edilib. Bundan əlavə, “F-16” qırıcıları və “ATAK” helikopterləri də hava manevrləri nümayiş etdirib.
Xatırladaq ki, “Qış-2023” təlimlərini izləmək üçün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə səfərdədir.