Infoteka.az
İqtisadiyyat

Azərbaycan və Rumıniya iqtisadi tərəfdaşlığı yeni müstəvidə

Azərbaycanla Rumıniya dövlətlərarası əlaqələrin hələ XV əsrdən başlayan tarixi kökləri mövcuddur. 1473-cü ildə Azərbaycan dövlətinin başçısı (Ağqoyunlu sülaləsi) Uzun Həsənlə Moldova knyazı Böyük Ştefan arasında müttəfiqlik haqqında müqavilə bağlanmışdır. Sonralar Azərbaycan Demokratik Respublikasının müdafiə naziri olmuş general S.Mehmandarov rus ordusunda fəaliyyəti zamanı Rumıniya ordeni ilə təltif olunmuş, həmin Respublikanın ideoloqu M.Ə.Rəsulzadə II Dünya müharibəsi dövründə bir müddət Rumıniyada yaşamışdır.

Tarixi Rumıniya Azərbaycan əlaqələri 20- ci əsrdə də özünü göstərmişdir. Belə ki, Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan–Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib.

Dünya enerji bazarında etibarlı neft ixracatçısı kimi özünü çoxdan təsdiq etmiş Azərbaycan son illərdə beynəlxalq qaz tədarükü sisteminə inamla daxil olmuşdur. Dövlət başçımızın vurğuladığı kimi: "Bu gün artıq Azərbaycan dünya enerji xəritəsində özünəməxsus yerə malikdir. Azərbaycan bu günə qədər neft ölkəsi kimi tanınmışdır. Bundan sonra bəlkə daha çox qaz ölkəsi kimi də özünü göstərəcəkdir və artıq göstərir".

İlham Əliyevin dediyi kimi Azərbaycan artıq özünü qaz ölkəsi kimi kifayət qədər yaxşı göstərir. Rusiyanın Ukraynaya hücumundan sonra Avropada gündəmdə olan əsas məsələlərdən biri, təbii ki, enerji güvənliyidir. Axı qitənin Rusiyadan ciddi enerji asılılığı bu ölkəyə əlavə manevr imkanları qazandırır. Elə buna görə Avropa İttifaqı Rusiyadan enerji, özəlliklə təbii qaz asılılığının aradan qaldırılmasında çox maraqlıdır. Həmin asılılığı azaltmaqdan, sonra tam aradan qaldırmaq üçün alternativ kimi baxılan ölkələrdən biri də Azərbaycandır. Düzdür, Azərbaycan Avropanın qazla təminatında həlledici rol oynamır. Amma Avropa İttifaqı qitənin təbii qazla təminatında Azərbaycanın da rolunun artırılmasını istəyir. Məhz əməkdaş olduğumuz Rumıniya Azərbaycan qazını Avropaya ötürən yeni ünvanlardan biri olacaq.

Azərbaycan qazı həm Rumıniyaya həm də Rumıniya vasitəsilə digər Avropa ölkələrinə ixrac ediləcək. Rumıniya Azərbaycandan və Yunanıstanın LNG terminallarından əldə edəcəyi qazı digər ölkələrə, xüsusilə də Rusiyadan kəskin qaz asılılığında olan Moldovaya ötürməyi hədəfləyir. Hazırda Moldova Avropa İttifaqının qaz təchizatı baxımından ən zəif potensiallı ölkəsi hesab olunur. Eyni zamanda Avropa İttifaqı Moldova üzərindən Ukraynaya da qaz çatdırılmasını təmin etməyə çalışır. Bu baxımdan, Azərbaycan qazının Avropa İttifaqı üçün önəmi daha da artır. Azərbaycan bu önəmi nəzərə alaraq qaz, həmçinin enerji ixracını artırmaq üçün infrastrukturun genişləndirilməsi istiqamətində fəaliyyətlərini gücləndirir. Rəsmi Bakı Rumıniya ilə əlaqələrin genişləndirilməsində həm də buna görə maraqlıdır.

Qənirə Abdullazadə

Suraxanı rayonu 85  nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

© Materiallardan istifadə edərkən infoteka.az saytına istinad olunmalıdır

Infoteka.az