Infoteka.az
Sosial

Türkiyə, səninləyik! - Bakıdan qardaş dəstəyi

Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə kömək məqsədilə Bakıda başlayan yardım kampaniyası davam edir. 

Qısa müddət keçməsinə baxmayaraq, insanlar çağırış ünvanına axın edir. Təbii fəlakətdə zərər çəkən insanlara lazım olan vasitələr - yorğan, döşək, uşaq paltarları, şalvar, corab, əlcək, çadır, generator və sair ehtiyac malları gətirməyə, pul şəklində ianələr verməyə davam edirlər. 

Eyni zamanda, Türkiyənin Azərbaycandakı səfirliyi və Naxçıvandakı baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə bildirilib ki, zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar lazımdır.

Bundan başqa, əşyalar şəxsən və ya karqo yolu ilə Naxçıvandakı baş konsulluğa çatdırıla bilər. Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17-dir.

Xatırladaq ki, qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib. Son məlumatlara görə, 3549 nəfər ölüb, 22 mindən çox insan yaralanıb, 5775 bina çöküb.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.

Infoteka.az