Infoteka.az
İqtisadiyyat

Bakı limanı 25 milyon ton yük aşıracaq

Bakı limanı yaxın gələcəkdə böyük yük axınlarına və Çin–Avropa arasında daşımalara hazırlaşır. Buna görə tezliklə adıçəkilən infrastrukturda tikinti layihələrinin ikinci fazasının həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu mərhələdə limanın konteyner aşırma gücü 400 min TEU artırılaraq 500 min TEU-ya çatdırılacaq. Bundan əlavə, digər yük terminallarının  qurulması da gözlənilir. Ümumiyyətlə, infrastrukturda reallaşdırılacaq layihələr nəticəsində onun ümumi yükaşırma gücü, təxminən, 25 milyon ton  təşkil edəcək.

Qeyd edək ki, tikintiyə başlamaq üçün hazırda texniki-iqtisadi əsaslandırma  işləri görülür və bu tədbirlərin cari ilin ikinci rübündə başa çatacağı gözlənilir.

Texniki-iqtisadi əsaslandırma hazırlanandan sonra tikinti dizaynı və texniki tərəfləri müəyyənləşdirən baş planın, həmçinin mühəndislik əməliyyatlarının tərtibi həyata keçiriləcək. Daha sonra isə master-plana uyğun inşaat müddəti açıqlanacaq.

Mütəxəssislərin təxmini hesablamalarına görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazası çərçivəsində tikinti işləri təqribən 3 il çəkəcək. 

Infoteka.az