İtaliyanın Baş naziri Corca Meloni Fransa Prezidenti Emmanuel Makronun Almaniya Kansleri Olaf Şolts və Ukrayna Prezidenti Vladimir Zelenski ilə dünən Parisdə görüşməsini "uyğun olmayan dəvət" kimi qiymətləndirib.
Meloni Brüsseldə keçirilən fövqəladə Aİ Liderlər Zirvəsi öncəsi İtaliya mətbuatına açıqlamalar verib. Fransa Prezidenti Makronun, Almaniya Kansleri Şoltsun iştirakı ilə Parisdə Zelenskini şam yeməyində qonaq etdiyini xatırladan Meloni, bu dəvəti tənqid edərək: "Məncə, Makronun Zelenskiyə dəvəti yersiz idi. Gücümüz bir olmalıdır", - deyib.
Meloni bəzi daxili siyasi problemlərin Avropada ümumi işə xələl gətirmək riski daşıdığını qeyd edib. "La Repubblica" qəzeti isə "İtaliyasız zirvə" başlığı ilə dünən Parisdə Fransa, Almaniya və Ukrayna liderləri arasında keçirilən zirvə görüşündən İtaliyanın kənarda qalmasına diqqət çəkib. Meloninin bu çıxışı isə mətbuatda yer alan bəzi şərhçilər tərəfindən Roma ilə Paris arasındakı gərginlik kimi qiymətləndirilib.
Qeyd edək ki, mətbuatda olan məlumata görə, Meloni və Zelenskinin bu gün Brüsseldə görüşü gözlənilir.