ABŞ-ın Rusiyadakı səfirliyi vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırıb.
Bu barədə diplomatik nümayəndəliyin saytında dərc olunmuş məlumatda deyilir.
ABŞ vətəndaşlarının Ukraynada davam edən münaqişənin gözlənilməz fəsadları ilə üzləşməmələri üçün Rusiyaya səfərdən çəkinmələri qeyd olunub. Rusiyada yaşayan Amerika vətəndaşlarına isə ölkəni tərk etmək barədə xəbərdarlıq edilib.
Səfirlik xəbərdarlıq edib ki, orada yaşayan və ya hazırda səyahətdə olan ABŞ vətəndaşları isə həbs olunma riski səbəbindən dərhal ölkəni tərk etməlidir.
Həmçinin qeyd olunub ki, Rusiya tərəfi ABŞ vətəndaşlarının ikili vətəndaşlığını tanımaya, onları konsulluq xidmətlərindən məhrum edə, ölkəni tərk etmələrinin qarşısının ala, hərbi əməliyyatlarda iştirak üçün orduya səfərbər edə bilər.
Xatırladaq ki, 2022-ci ilin sentyabrın 28-də ABŞ səfirliyi analoji xəbərdarlıq edib, Rusiyanı tərk etmək üçün imkanların olmasını qeyd edərək öz vətəndaşlarını ölkəni tərk etməyə çağırmışdı.