Rusiyanın Ukraynanı tam işğal etmək üçün müharibəyə başlamasından ötən bir il ərzində bizim təhlükəsizlik mühitimiz əsaslı şəkildə dəyişib.
Bunu Münhen Təhlükəsizlik Konfransında iştirak edən NATO Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.
Stoltenberq, Ukraynanın müharibədə qalib gəlməsi və suveren bir Avropa ölkəsi kimi müstəqilliyini qoruyub saxlaması üçün dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edib: "Rusiya Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciə olmaqla yanaşı, həmçinin hamımız üçün təhlükəli olacaq. Avtoritar liderlər hərbi güc tətbiq edərək məqsədlərinə çata bilsə, bu, dünyanı daha təhlükəli edəcək”.
Stoltenberq vurğulayıb ki, NATO olmadan Avropada təhlükəsizlik yoxdur və sülhü qorumağın, təhlükəsizliyi təmin etməyin yeganə yolu Şimali Amerikanın Avropanın yanında dayanmasıdır.
Xatırladaq ki, 17-18 fevral tarixlərində Almaniyanın Münhen şəhərində Təhlükəsizlik Konfransı keçirilir. Yens Stoltenberq Konfrans çərçivəsində panel müzakirələrində iştirak etməklə yanaşı, bir sıra ikitərəfli görüşlər keçirəcək.