Infoteka.az
Dünya

Blinken Rusiyanın START müqaviləsindən çıxmasını məsuliyyətsiz addım adlandırıb

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın strateji hücum silahlarının azaldılması müqaviləsində (START) iştirakını dayandırmasına münasibət bildirib.
Bu barədə dövlət katibi Blinken Yunanıstanda jurnalistlərə açıqlamasında danışıb.
"Rusiyanın yeni START-da iştirakını dayandırması ilə bağlı açıqlaması çox təəssüfləndiricidir və məsuliyyətsiz addımdır. Rusiyanın əslində nə etdiyini görmək üçün biz vəziyyəti diqqətlə izləyəcəyik. Əlbəttə ki, hər bir halda öz ölkəmizin və müttəfiqlərimizin təhlükəsizliyi üçün lazımi mövqedə olduğumuza da əmin olacağıq", ABŞ dövlət katibi bildirib.
Bayden administrasiyasının hakimiyyətə gəldikdən sonra START müqaviləsinin müddətini uzatdığını xatırladan Entoni Blinken bu müqavilənin həm ABŞ-ın, həm də Rusiyanın təhlükəsizlik maraqlarına cavab verdiyini deyib. "Bu müqavilə açıq şəkildə ölkəmizin təhlükəsizlik maraqlarına uyğun idi və əslində həm də Rusiyanın təhlükəsizlik maraqlarına uyğun idi. Müqavilədə iştirakı dayandırmaq bunun nə qədər məsuliyyətsiz bir hərəkət olduğunu vurğulayır. Ancaq bununla belə dünyada və ya bizim münasibətlərimizdə baş verən hər hansı bir hadisədən asılı olmayaraq, biz istənilən vaxt Rusiya ilə strateji silahların məhdudlaşdırılması barədə danışmağa hazırıq. Hesab edirəm ki, bizim bu sahədə məsuliyyətlə hərəkət etməyimiz vacibdir. Bu həm də digər ölkələrin bizdən gözlədiyi bir şeydir. Ancaq bu qərar, dediyim kimi, həm həqiqətən təəssüf doğurur, həm də çox məsuliyyətsizdir", - Entoni Blinken əlavə edib.

Infoteka.az