Infoteka.az
Dünya

Avropa İttifaqı Şurası Rusiyaya qarşı 10-cu sanksiya paketini açıqlayıb

Avropa İttifaqı Şurası Rusiyaya qarşı 10-cu sanksiya paketini açıqlayıb.

Sanksiya paketinə KİV və ixrac əməliyyatları ilə bağlı yeni məhdudiyyətlər və qadağalar daxil edilib.

Belə ki, Rusiyaya ixrac edilə bilməsi qadağan olunan məhsulların siyahısı genişlənib, ora xüsusi texnika, avadanlıqlar və elektronika daxil edilib. Bundan əlavə, Aİ Şurası yayınma hallarının qarşısını almaq üçün Aİ-nin ixrac etdiyi ikili təyinatlı mal və texnologiyanın Rusiya ərazisindən tranzitini qadağan etmək qərarına gəlib.

Rusiyaya əhəmiyyətli gəlir gətirən asfalt və sintetik kauçuk kimi malların idxalına da əlavə məhdudiyyətlər qoyulub.

Paralel olaraq, Rusiya vətəndaşlarına Avropa İttifaqının strateji müəssisələrində rəhbər vəzifələr tutmaq da qadağan edilib. Rusiyanın daha 3 bankı Aİ-nin "qara siyahı"sına salınıb. 

Rusiyaya elektron komponentlər və tikinti texnikası da daxil olmaqla, 11,4 milyard avroluq ticarət sanksiyaları tətbiq edilib. 

İlk dəfə olaraq Aİ sanksiyalar siyahısına Rusiya ordusunun Ukraynanın mülki infrastruktura qarşı istifadə etdiyi hərbi pilotsuz uçuş aparatları istehsal edən 7 İran müəssisəsi daxil edib.

Aİ Şurası iki əlavə media orqanının - “Arabic RT” və “Sputnik Arabic" yayım lisenziyasının dayandırılması prosesini başladıb. Bildirilib ki, bu media Rusiya hökumətinin birbaşa və ya dolayı nəzarəti altındadır və "Rusiyanın təcavüzünü qanuniləşdirən və Ukraynaya dəstəyi zəiflədən davamlı və razılaşdırılmış dezinformasiya və müharibə təbliğat fəaliyyətləri üçün istifadə olunur.

Infoteka.az