Infoteka.az
Sosial

Yeni Azərbaycan Partiyasını yeni hədəflərə yönəldən qurultay

Prezident İlham Əliyev: Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Hər kəsə məlumdur ki, Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevlə bağlıdır və onun ətrafında yaradılıb. Ulu öndərin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Sovet İttifaqının tərkibində olan dövlətimiz iqtisadi göstəricilərə, sosial inkişafa, siyasi nüfuzuna görə təəssüf ki, axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində isə yüksəlməkdə davam edən Azərbaycan 1982-ci ildə müttəfiq ölkələr arasında qabaqcıl yerlərə qədər qalxdı. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Ümummilli liderin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırıb.

YAP yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən monolit, ən qüdrətli bir siyasi qurumudur. Bu partiya ümummilli lider Heydər Əliyevin xalqımıza verdiyi ən böyük töhfələrdən biridir. Ümummilli liderin rəhbərliyi ilə, Onun ətrafında yaranan bu partiya Azərbaycanda dövlət quruculuğuna, müstəqilliyin möhkəmlənməsinə, ölkənin inkişafına, respublikada vətəndaş cəmiyyətinin, milli birliyin formalaşmasına sanballı töhfələr verib. Partiyamız böyük beynəlxalq nüfuza malikdir, bir sıra ölkələrin aparıcı partiyaları ilə əməkdaşlıq edir ki, bütün bunlar da YAP-ın nə qədər mükəmməl bir siyasi qurum olduğunu təsdiqləyir. Bu gün YAP cəmiyyət tərəfindən birmənalı olaraq quruculuq, sabitlik, inkişaf, rifah və xalqın partiyası kimi qəbul edilir.

2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirildi. Bu qurultay partiyanın və ictimai-siyasi münasibətlər sisteminin tarixində mühüm hadisə olaraq diqqəti cəlb edirdi. Ölkənin ictimai-siyasi proseslərində ən aktiv mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının rəhbər strukturları məhz VII qurultayda yenidən formalaşdırıldı, eyni zamanda digər əhəmiyyətli qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların YAP-a qoşulmasına dair müraciətlərinə baxılaraq, müsbət dəyərləndirildi. 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında son dərəcə böyük siyasi hadisə oldu. Cənab Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi ölkə başçısının islahatlar siyasətinin davamıdır. 2018-ci ildə Prezident və 2020-ci ildə parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılmasının və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

Yeni Azərbaycan Partiyası bütün bu siyasi reallıqların fonunda, yaranmış reallıqlardan çıxış edərək, özünün müəyyənləşdirdiyi yenilənmiş fəaliyyət proqramı ilə yoluna davam etməkdədir. Partiyanın VII qurultayından sonra yeni mərhələ və hədəflər haqqında danışan YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir:

“Bilirsiniz ki, partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi. Bu müddət ərəfəsində ölkədə və beynəlxalq aləmdə mühüm dəyişikliklər baş verib, o cümlədən Yeni Azərbaycan Partiyası əhəmiyyətli uğurlar qazanıb, yeni çağırışlar və vəzifələr meydana çıxıb. Ona görə də yeni Nizamnamənin qəbulu, partiya fəaliyyətinin tənzimlənməsində yeni mexanizmlərin müəyyən olunması vacib idi və VII qurultayda bu istiqamətdə önəmli qərar verildi.”

VII qurultayda prioritet məqsəd və vəzifələri yeniləyən Yeni Azərbaycan Partiyası monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını bir daha nümayiş etdirdi. Həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsasını qoyan VII qurultay haqqında əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.

Hazırda peşəkarlıq, dövlətçilik və vətənpərvərlik - YAP-da aparılan yeni kadr siyasətinin əsas meyarlarıdır. 2021-ci il sentyabrın 10-da və 2022-ci il yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişlər. Bununla da 76 yerli təşkilatın 48-nə yeni sədr təyin olunmuşdur. Sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir. Həmçinin “Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru təyin edilmişdir.

Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir. Bütövlükdə, bundan sonrakı dövrdə də YAP fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmaqla, daha böyük uğurlar qazanacaq.

Məcid Rəsulov

140 saylı tam orta məktəbin direktoru

Infoteka.az