Müasir partiyalar XIX əsrdə Avropa və Amerikada yaranmışdır. Partiyalar siyasi proseslərin gedişinə güclü təsir göstərə bilən təsisatdır. Tarixdə elə hallar olmuşdur ki, ictimai hərəkat da genişlənərək partiyaya çevrilmişdir.
Əgər dövlət öz xalqının iradəsinin ifadəçisidirsə, bu xalq – millət hesab olunur. Əgər, əksinə xalq dövlətin iradəsinin ifadəçisidirsə, bu sadəcə olaraq, xalqdır. Ümumilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycanda elə bir dövlət olmayıb ki, xalqı öz iradəsinin ifadəçisinə çevirsin. Onun gəlişinə qədər xalq dövləti yad bir qüvvə hesab edirdi. Heydər Əliyevdən sonra dövlət xalqın oldu. Dünyanı saxtaların hakimiyyətindən qorumaq üçün gedən mübarizə əbədidir. Ulu Öndərimiz də məhz xeyir libasına bürünən şərdən Azərbaycanı qorumaq üçün bu dünyaya gəlmişdi. Onun tutduğu yol çətin və bir o qədər də şərəfli idi. Onun Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün apardığı siyasət bir məktəbdir. Bu məktəbin məhsulu isə xalqa bəxş edilən Yeni Azərbaycan Partiyasıdır. Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın dayanıqlı, yüksələn inkişaf xəttinə malik, xalqın mənafeyini qoruyan ən mühüm partiyasıdır.
Heydər Əliyev tərəfindən əsası qoyulan xalq hərəkatının genişlənərək partiyaya çevrilməsi, onun bir siyasi lider olduğunun sübutudur. 30 il əvvəl 1992-ci il 21 noyabrda Yeni Azərbaycan Partiyası Azərbaycanın çox çətin dövründə təsis edilmişdir. Adətən yeni yaradılan hər bir partiyaya qarşı insanlarda inam hissi çox zəif olur. Ancaq Heydər Əliyev kimi bir şəxsiyyətin təşəbbüsü ilə yaradılmış bu partiya yarandığı ilk vaxtlardan insanların etimadını qazandı və 30 il ərzində hər zaman bu etimadı layiqincə doğrultdu.
Bu gün İlham Əliyevin sədrlik etdiyi bu partiya Heydər Əliyev siyasi kursunu peşəkarlıqla davam etdirir. Bu partiya yarandığı ilk gündən Azərbaycanda siyasi sabitliyin bərqərar olmasına nail olub və Azərbaycanı regionun inkişaf etməkdə olan bir dövlətinə çevirib.
Siyasi sabitliyin olması bir dövlət üçün ən vacib məqamdır. Çünki siyasi böhranlar içərisində qalan bir dövlətə heç bir dövlət investisiya qoymaq istəməz. İqtisadi cəhətdən stabilliyə malik olmayan bir dövləti inkişaf etdirmək isə çox çətindir. Məhz bu partiyanın iqtidar partiyası olması Azərbaycanı işıqlı bir gələcəyə aparır və aparacaq.
Azərbaycan dünya miqyasında nüfuza malik bir dövlətə çevrilib. Bu yolda uğur məhz əsası Heydər Əliyev tərəfindən qoyulan siyasətin sayəsindədir. Onun dahi bir siyasətçi olması özündən sonra qoyduğu siyasi kursun günü-gündən tərəqqi etməsindədir.
Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Qarabağ münaqişəsinin həllində atdığı ilk addım atəşkəsə nail olmaq oldu. Məhz bu atəşkəsin əldə edilməsi nəticəsində 2020-ci ildə 30 il ərzində işğal altında qalan torpaqlarımız geri qaytarıldı.
Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayında ölkə Prezidenti cənab İlham Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının çoxistiqamətli fəaliyyətini təhlil etmişdir. Cənab Prezident İlham Əliyev YAP-ın hakim siyasi partiya kimi ölkənin siyasi-iqtisadi qüdrətinin artırılmasında rolunu yüksək qiymətləndirmişdir.
Bu qurultayda qəbul edilmiş qərarlar Partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərin əldə olunmasına xidmət edir. Partiya daxilində təyinatların obyektivliyi, üzvlük məsələlərinin şəffaflığı, ideoloji işin dövlətin maraqlarına uyğunluğu, Partiyanın gördüyü işlərin KİV-də işıqlandırılmasının təkmilləşdirilməsi verilmiş doğru qərarların sayəsində mümkün olmuşdur.
Qurultay zamanı YAP-nın fəaliyyətində müəyyən olunmuş strateji hədəflər bu partiyanın hələ uzun illər hakim partiya kimi qalacağına dəlalət edir.
Vəfa Bağırova
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin direktoru