Infoteka.az
Siyasət

YAP-ın VII qurultayında yeni Nizamnamənin qəbulu böyük siyasi uğurlar gətirəcək

2021-ci il martın 5-i tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. YAP-ın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisədir. Çünki YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir.

Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Müstəsna xidmətləri ilə əbədilik qazanan  mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi, tükənməz ibrət məktəbi olan ümummilli lider Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi. İntibah və milli şüurun oyanışı Vətəni, xalqı qarşısında misilsiz xidmətlər göstərən ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

YAP-ın VII qurultayı cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirildi. Bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması idi. Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev   44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi – ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir. Partiyanın yeni nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Partiyanın nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi. Bu müddət ərəfəsində ölkədə və beynəlxalq aləmdə mühüm dəyişikliklər baş verib, o cümlədən Yeni Azərbaycan Partiyası əhəmiyyətli uğurlar qazanıb, yeni çağırışlar və vəzifələr meydana çıxıb. Ona görə də yeni Nizamnamənin qəbulu, partiya fəaliyyətinin tənzimlənməsində yeni mexanizmlərin müəyyənləşdirilməsi vacib idi və VII qurultayda bu istiqamətdə önəmli qərar verildi. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə əsasən partiyanın yerli təşkilatları yeni prinsiplər əsasında partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz. YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər tərəfdən, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi partiyamızın yüksək nüfuzunun, inam və etimad ünvanı olmasının daha bir nümunəsi - əyani ifadəsidir. Bu fakt həm də siyasi birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi diqqətəlayiqdir.

VII qurultaydan sonra Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilmişdir. Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan YAP-ın yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından əlamətdar olacaq.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər mühüm yer tutur. Bu münasibətlər çərçivəsində partiyalar arasında intensiv təmaslar davam etdirilir, səmərəli, faydalı müzakirələr, fikir və təcrübə mübadilələri aparılır.

YAP-ın VII qurultayı və qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir. Ən əsası, qəbul olunan qərarlarla YAP həm də yeni siyasi nümunə ortaya qoydu. Ən əsası, VII qurultay göstərdi ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək.

Emil Quliyev

Zığ bələdiyyəsinin sədri

Infoteka.az