Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda giriş nitqi söylədi.
Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Müasir Azərbaycanın dövlətçilik tarixinə şanlı salnamə kimi həkk olunmuş 44 günlük Vətən müharibəsinin ildönümləri, Anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilmiş, Partiyanın Mərkəzi Aparatının təşkilatçılığı ilə elmi-praktik konfranslar və dəyirmi masalar təşkil edilmiş, yerli təşkilatlar tərəfindən 2500-dən artıq müxtəlif tədbir, həmçinin şəhid ailələri və müharibə veteranları ilə 6500-dən çox görüş keçirilmiş, onlar daim diqqət mərkəzində saxlanılaraq sosial problemlərinin həllinə köməklik göstərilmiş, şəhidlərin doğum və anım günləri ailələri və doğmaları ilə birlikdə qeyd olunmuş, Partiyanın fəalları şəhid məzarları, abidə və barelyeflərinin, həmçinin şəhidlərin şəkilləri əks olunmuş lövhələrin ətrafının abadlaşdırılmasında yaxından iştirak etmişlər.
Müharibə təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında gedirdi. Yeni Azərbaycan Partiyasının üzvləri Prezidentimizin inandırıcı, qətiyyətli və səlis çıxışlarını, xarici ölkələrin çoxsaylı informasiya agentliklərinə verdiyi müsahibələri əsas götürərək respublika rəhbərliyinin mövqeyini kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə izah edir, Azərbaycanın düşmənlərinin insinuasiyalarını, yalan və uydurmalarını qətiyyətlə ifşa edirdilər.
Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir. Azərbaycan xalqının Ümummilli Lideri, YAP-ın qurucusu Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, dövlət və xalq qarşısında misilsiz xidmətlərinin, Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin, Partiyanın fəaliyyətinin təbliği, o cümlədən həyata keçirilən tədbirlərin və layihələrin geniş auditoriyaya çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülmüşdür.
Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir.
Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır.
5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.
Bu gün, eyni zamanda, ölkəmizin sosial-siyasi, iqtisadi, idarəetmə kimi digər mühüm sferalarında da tarixi islahatlar mərhələsini yaşayırıq. Bu islahatların fəlsəfəsini də, məzmununu da vətəndaşın rifahının daha da yaxşılaşdırılması təşkil edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti, sosial sahədə bütün problemlərin mümkün həllinə xüsusi diqqətin göstərilməsi, Heydər Əliyev Fondu vasitəsilə olduqca əhatəli sosial layihələrin ardıcıl olaraq həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması geniş vüsət almışdır və xalqımız tərəfindən təqdir edilməkdədir.
İslahatların ən mühüm istiqamətlərindən birini də ictimai-siyasi institutlaşma və siyasi sistemimizin təkmilləşdirilməsi təşkil edir. Hər bir ölkənin siyasi sistemi özünün struktur elementləri ilə tamdır və ictimai-siyasi proseslərin keyfiyyətini təyin edir. Azərbaycanda da cəmiyyətin siyasi lokomotiv institutları şübhəsiz ki, siyasi partiyalardır. Onların fəaliyyəti, fəaliyyətsizliyi, yaxud fəaliyyətinin ictimai faydalılıq əmsalı göstəriciləri siyasi sistemin inkişafı üçün əsas şərt kimi çıxış edir. Bu, həm də siyasi sistemimizin hesabatlılığı üçün olduqca vacibdir. Müxtəlif dövrlərdə bu münasibətlər passiv, dinamik, dəyişkən və bəzən də qarşıdurma vəziyyətində olub. Siyasi partiyalar ölkədaxili milli çağırışlar kontekstində cəmiyyətin gözləntiləri ilə ayaqlaşmağa çalışsalar da, bəzən bu fəallıq, sadəcə, seçkilərdə iştirakçılıqla məhdudlaşıb. Yalnız Sizin təşəbbüsünüz və bu sahədə də islahatları dərinləşdirmə siyasətinizdən sonra siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və plüralist əməkdaşlıq mərhələsi başlamışdır. Belə ki, Vətən müharibəsində 50 siyasi partiya Prezident İlham Əliyevi dəstəklədiyini bəyan etmiş, eyni zamanda, müxtəlif regional və beynəlxalq təşkilatlara müraciətlər göndərmiş, beləliklə də, Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy, immunitetqabiliyyətli yetkin bir sistem olduğunu göstərmişlər. Hazırda siyasi sistemimizə ideologiyaların bütün rəng palitrasını əhatə edən yeni bir siyasi platforma təqdim etmisiniz: burada siyasətin bütün çalarlarının müstəqil fəaliyyəti və dialoqu üçün demokratik, hüquqi və siyasi imkanlar mövcuddur. Bu siyasi çətir altında özlərinə yer tapmayanlar isə milli siyasətə yox, başqa məqsədlərə xidmət edirlər.
Qulam Səfərzadə
RİHBA yanında Zığ QİƏD üzrə nümayəndəsi