Infoteka.az
Siyasət

Əli Əsədov: "Beynəlxalq nəqliyyat dəhlizlərilə tranzit yükdaşımalar artıb"

“Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ilə Azərbaycan ərazisindən yükdaşımalarda ilbəil artım müşahidə olunur. Belə ki, bu ilin 8 ayı ərzində Şərq-Qərb dəhlizi ilə ölkəmiz vasitəsilə tranzit yükdaşımalar 20%, Şimal-Cənub dəhlizi ilə isə 33% artıb”.

İnfoteka.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Rusiyanın paytaxtı Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunda bildirib.

O, Bakı Beynəlxalq Dəniz Ticarət Limanını bu dəhlizlərin əsas həlqəsi adlandırıb və liman vasitəsilə tranzit yükdaşımaların həcminin hər il artdığını diqqətə çatdırıb.

Ə.Əsədovun sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsi kimi Xəzər regionunun əhəmiyyətinin artması həm də dəniz limanlarının rolunun optimallaşdırılmasını nəzərdə tutur: “Bununla əlaqədar olaraq, Bakı limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində işlər aparılır”.

Xəzər üzərindən beynəlxalq daşımalardan danışan Ə.Əsədov dayazlaşma probleminə diqqət çəkib. O, qeyd edib ki, Xəzəryanı dövlətlər üçün dənizin dibinin dərinləşdirilməsi istiqamətində daimi işlərin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb. Yüklərin tam həcmdə daşınmasının təşkili üçün bu problemin həlli zərurdir

Ə.Əsədov sentyabrın 9-da Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran arasında ilk üçtərəfli görüşü Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün mühüm addım kimi qiymətləndirilb. Onun sözlərinə görə, görüşün yekunlarına dair tərəflərin 2030-cu ilə qədər Şimal-Cənub dəhlizi ilə tranzit səviyyəsinin ildə 15 milyon tona çatdırılması üçün əməkdaşlığa və imkanların qiymətləndirilməsinə hazır olduqlarını əks etdirən Bakı Bəyannaməsi imzalanıb.

Baş nazir forum iştirakçılarına Azərbaycanın mülki yük donanmasının, eləcə də Bakı Gəmiqayırma Zavodunun imkanları barədə məlumat verib, diqqətə çatdırıb ki, bütün Xəzəryanı dövlətlər onun imkanlarından yararlana bilərlər. O, Azərbaycanın Transxəzər beynəlxalq nəqliyyat marşrutundan səmərəli istifadə edilməsinə mühüm töhfəsini qeyd edib.

Baş nazir vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra formalaşan yeni reallıqlar regionda nəqliyyat marşrutlarının imkanlarını genişləndirməyə imkan verir: “Bu gün biz regional nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üzərində fəal işləyirik. Bu mənada Zəngəzur dəhlizinin açılması mühüm əhəmiyyət kəsb edir”.

Infoteka.az