PSJ-nin hücumçusu Lionel Messi Paris klubunun müqaviləni uzatmaq üçün ilk təklifini rədd edib.
İspaniyanın “La Vanguardia” qəzetinin xəbərinə görə, 2022-ci il dünya çempionatından əvvəl tərəflər yeni sözləşmə ilə bağlı şifahi razılığa gəliblər.
Amma indi futbolçu təklif olunan maaşdan razı deyil. PSJ maliyyə feyr-pleyi ilə bağlı mümkün problemlərin qarşısını almaq üçün argentinalıya daha aşağı məvacib təklif edib. Bu isə futbolçunun ürəyincə olmayıb.
Daha əvvəl Messinin hələ də karyerasını Avropada davam etdirmək istədiyi və ABŞ, Səudiyyə Ərəbistanı kimi ölkələrdən gələn yüksək ödənişli təklifləri nəzərə almayacağı bildirilmişdi.
Argentinalı hücumçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 17 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi cari mövsümün sonuna kimidir.