Infoteka.az
Sosial

Azərbaycan da mina ilə mübarizə aparan və minadan ən çox əziyyət çəkən ölkələr siyahısında yer alıb

İmzalanmış sülh müqavilələrinə əsasən, müharibələr başa çatdıqdan sonra öz yerində qalan minalar bu gün də bir çox ölkələrdə insan həyatını itirməkdə və şikəst etməkdə davam edir.

Hər 22 dəqiqədən bir minalardan ölən və ya yaralanan insanlar olur, hər ay orta hesabla 2 min insan ölür.  Dünyada hər gün minalardan orta hesabla 70 nəfər ölür və ya yaralanır.  Hər il 26 min insan minaların qurbanı olur.

Dünyanın 64 ölkəsində təxminən 110 milyon partlamamış minanın olduğu təxmin edilir.  İnkişaf edən texnologiyaya görə istehsal xərclərinin azalması ilə əlaqədar olaraq 1960-cı illərə qədər nəzarətli şəkildə həyata keçirilən minaların yerləşdirilməsi prosesi xəritəsiz və qeydsiz həyata keçirilməyə başlandı.  Xüsusilə qeyri-rəsmi istehsal minalar əldə edərək, onlardan terror və partizan tipli fəaliyyətlərdə istifadə edərək qeyri-qanuni təşkilatların nəzarət altına alınmasını qeyri-mümkün edib.

Azərbaycan ərazisinin Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında olması nəticəsində Azərbaycan da mina ilə mübarizə aparan və minadan ən çox əziyyət çəkən ölkələr siyahısında yer aldı.

Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Məzarlıqların, insanların müqəddəs yerlərinin, eyni zamanda, mədəni-tarixi abidələrə gedən yolların, bu yerlərin ətrafının, az sayda dağıdılmamış evlərin və həyətyanı sahələrinin minalanması, o cümlədən, tələ minaları ilə kütləvi şəkildə çirkləndirilməsi insanlığa qarşı törədilmiş cinayətdir.

Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir.

Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə başlanılıb. Minatəmizlənmə əməliyyatlarına əsasən infrastrukturun bərpasına xidmət edən ərazilərdən başlanılıb. Yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri, yollar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə işləri davam etdirilir. Minatəmizləmə işləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilib.

Xarici ekspertlərin hesablamalarına görə, ərazilərimizin minalardan təmizlənməsi üçün ölkəmizə 30 il və 25 milyard dollar vəsait lazımdır. Halbuki belə proseslərdə müəyyən beynəlxalq təşkilatlar və ölkələr yardımlar edirlər ki, işğala məruz qalmış ölkə müharibənin nəticələrini qısa zaman kəsiyində aradan qaldıra bilsin.

Nizami Eminov

Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Infoteka.az