“Paris olimpiadasına lisenziya qazanmaq üçün çalışıram. Ümid edirəm ki, bacaracağam”.
Bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) builki hədəfləri barədə danışarkən deyib.
İkiqat dünya və 8 qat Avropa çempionu bildirib ki, cari mövsümdə əsas vəzifə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etməkdir: “Ona görə də digər turnirlər nüfuzlu yarışlara hazırlıq məqsədi daşıyır”.
Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş Dan Kolov - Nikola Petrov turnirinin finalında 35 saniyəyə qələbə qazanaraq qızıl medal qazanan titullu idmançı yarışın təşkilatçılığını yüksək qiymətləndirib:
“Rəqiblərim güclü idilər. Yarımfinalda qalib gəldiyim bolqarıstanlı Miqlena Selişka Avropa çempionu, finalda məğlub etdiyim qazaxıstanlı Svetlana Ankiçeva isə Asiya Oyunlarının mükafatçısıdır. Əvvəlki formamı bərpa etməyə başlamışam. Məşqçi bu yarış üçün qarşıma konkret tapşırıq qoymuşdu və mən bunun öhdəsindən gəldim”.
Qeyd edək ki, Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.