“Volvo Cars” avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz azalma ilə 43,666 avtomobil satdığını bildirdi.
Qeyd olunan rəqəmlərdə əsas pay sahibi “Recharge” və hibrid avtomobilləridir.
İstehsalda müsbət tendensiya avqust ayında da davam etdi, lakin komponentlərin, xüsusən də yarımkeçiricilərin mövcud olmaması istehsal prosesinə təsir etməkdə davam edir.
Avqust ayında Avropa üzrə satışlar keçən ilin eyni ayı ilə müqayisədə 15,8%, ABŞ üzrə 23,9% azalmış, Çin bazarında isə 31% artmışdır.
Ay üzrə Volvonun ən çox satılan modeli 16,161 ədəd ilə XC60 olmuşdur. Sonrakı yerlərdə isə 9,766 avtomobil sayı ilə XC40 və 7,678 avtomobil sayı ilə XC90 modelləri gəlir.
Komponent çatışmamazlığı Azərbaycan bazarına da təsirsiz ötüşməmişdir. “Volvo Cars”-ın Azərbaycan üzrə marketinq rəhbəri Qabil Quliyevin verdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə satışların həcmi 22,3% azalmışdır. “Düşünürdük ki, post-pandemiya dövrü xammal qıtlığını aradan qaldırar. Lakin mövcud durumun müddəti qeyri-müəyyən olaraq qalır. Bu da öz növbəsində sifarişlərdə müxtəlif çətinliklər yaradır. Təbii ki, bütün bu sadalanlar satış rəqəmlərində də öz əksini tapır.” – deyə şirkət rəsmisi bildirmişdir.
*Qeyd edək ki, “Volvo Cars”-ın Azərbaycanda yeganə rəsmi nümayəndəsi “Scandinavian Auto” QSC-dir.