Infoteka.az
Mədəniyyət

Bu gün Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 117-ci ildönümü tamam olur

“Dinlə, ey Yer kürəsi Azərbaycanlıyam mən’’ - deyən, qəlbi daim Vətən sevgisi ilə alışıb-yanan, ömrünün sonuna qədər son kəlməsi Vətən-Azərbaycan olan xalq şairi Süleyman Rüstəmin şəxsiyyəti, yaradıcılığı zaman-zaman oxucuların, tədqiqatçıların diqqət mərkəzindədir. 

Süleyman Rüstəm 1906-cı ildə Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini Bakıdakı rus-tatar məktəbində almışdır. Süleyman Rüstəm təhsilini Nəriman Nərimanov adına sənaye məktəbində davam etmişdir. O 20-ci illərdə Bakı Dövlət Universitəsində və Moskova Dövlət Universitəsində də oxumuşdur.
Süleyman Rüstəm əmək fəaliyyətinə “Gənc işçi” qəzetində başlamşdır. 1926-cı ildə o, “Gənc qızıl qələmlər ittifaqı”nı yaratmışdır. Bir müddət “inqilab və mədəniyyət” jurnalında və “Ədəbiyat” qəzetində məsul vəzifələrdə çalışmışdır.

Süleyman Rüstəmin əsərlərinə bu günün gözü ilə yanaşılanda maraqlı qənaətə gəlmək olur. Şairin bütün yaradıcılığı sovet həyat tərzinin əks-sədası olub. 20-ci illərdən başlayaraq şeirləri, məqalə və çıxışları ilə yeni həyatı tərənnüm edir, sovetlərin məşhur şairinə çevrilir. 1927-ci ildə işıq üzü görən "Ələmdən nəşəyə" adlı ilk şeirlər kitabı yaradıcılığının leytmotivinə çevrilir. Bəzən gənc ədəbi qüvvələr onu "sovet şairi" kimi səciyyələndirərək yaradıcılığına laqeyd yanaşırlar. Amma bu, düzgün yanaşma deyil. Çünki pioner, komsomol və Kommunist Partiyasından yazmaq vaxtilə yaşadığımız dövrün özünəməxsusluğu olub. Süleyman Rüstəm bu “polad sədli" rejimin içində son dərəcə dəyərli poetik məzmunu olan əsərlər də yaradıb.
O ilk əsərlərindən özünü oxucusuna inqilab şairi kimi təqdim edir. Şeirlərinin birində “İnqilab oğlu İnqilabam mən” deyən şairin poeziyası mübariz, döyüşkən bir ruhla həyatın içinə atılıb. O, əslində novator şair olub. 70 il içərisində yaşadığımız bir quruluşda dövrün ab-havasını qələmə almaq, həm də millətin, vətənin xeyri üçün mükəmməl, poetik nümunələr yaratmaq böyük istedad, zəhmət tələb edib. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm o məkana şeir qoşmasın. Ən çox müraciət etdiyi mövzu Xəzər olub: "Xəzər və durnalar", "Xəzərdə gecə", "Xəzərin səhəri" və s. Bu əsərlərində xəyalının qanadlarını dənizin dalğaları ilə qovuşdurur, onu tərənnüm etməkdən yorulmur...
II Dünya müharibəsi də onun yaradıcılığından təsirsiz keçməyib. Bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.
   
Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açılsın hava.
Alınsın düşməndən ömürlük qisas,
Torpaq nəfəs alıb dincəlsin bir az.
Silinsin ürəkdən, könüldən ağrı,
Bir də tapdanmasın vətənin bağrı.
   

60 il əvvəl yazılmış bu poetik nümunə günümüzdə də aktuallığını itirməyib. Müharibə mövzusunda yazan şairlər arasında onun öz yeri, ruhu var. Şairin "Ana və poçtalyon" şeiri uzun illər dillər əzbəri olub. Müəllif cəbhədəki oğlundan məktub gözləyən ananın iztirabını təbii, təsirli dillə qələmə alıb. Böyük məhəbbətlə yaratdığı ana və poçtalyon obrazları müharibə illərində min bir əziyyət çəkən vətən övladlarının unudulmaz surətləridir.
Şairin Azərbaycan poeziyasına bəxş etdiyi poetik çələnglərdən ən gözəli və təsirlisi isə Cənub mövzusunda yazdığı əsərlərdir. Süleyman Rüstəm II Dünya müharibəsi illərində Cənubi Azərbaycanda olub. Orada yaşayan soydaşlarımızın ağır həyatını gözləri ilə görüb. Təbii ki, bütün bunları sonralar poetik bir şəkildə qələmə alıb:
   
Bir arzum da var dünyada,
Bir gün məni salıb yada,
Kitabımı Arazdakı
körpü üstündə assınlar,
Gənc nəsillər unutmasın
bu şairin şərtini,
Tez köçərsəm bu dünyadan,
başdaşıma yazsınlar
İki yerə parçalanmış
ürəyimin dərdini.

   
"Təbrizim" şeiri isə Süleyman Rüstəmin bu mövzuda qələmə aldığı ən təsirli əsər, poetik həsrətin ifadəsidir:
   
Nədir o mənalı dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetim tək boynunu burma, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!

   
"Könlümə Təbriz düşdü", "Yaralarım", "İşıq", "Şair Səhəndə cavab", "Yenə Araz qırağında", "Görsəm" kimi şeirlərində Süleyman Rüstəm vətən həsrətli soydaşlarımızın təlaşından, əzablı, cəfalı günlərindən söz açıb. Bir millətin ayrılıq simvoluna çevrilən Arazın sularında həsrətin, nisgilin axdığından danışır. Nə vaxtsa bir müjdənin veriləcəyinə - Təbrizlə əbədi görüşəcəyinə ümid bəsləyib.
Cənub mövzusunda şeirlərində, Sərabı, Təbrizi, Ərdəbili, Marağanı vəsf edən misralarında şair o taydakı Vətən torpağının gözəlliklərinə poetik abidələr ucaldıb.
O həm də nəğməkar şair olub və sevilib. Onlarca lirik şeirinə musiqi bəstələnib. Süleyman Rüstəmin şeirlərinə bəstələnmiş mahnıları bu gün də müğənnilər məmnunluqla ifa edirlər. Həmin lirik şeirlərindən birini görkəmli xanəndəmiz Xan Şuşinski oxuyardı:
   
Xatirat dəftərim durur qarşımda,
Dolaşır bir ölməz sevda başımda.
Gözəl Qarabağda cavan yaşımda,
Bir gözəl seçdiyim yadıma düşdü.

   
Süleyman Rüstəm dramaturq kimi maraqlı əsərlər yazıb. “Çimnaz xanım yuxudadır“ adlı birpərdəli komediyası oxuculara yaxşı tanışdır. 1940-cı ildə yazdığı "Qaçaq Nəbi" mənzum dramı, 1948-ci ildə qələmə aldığı "Durna" komediyası vaxtilə teatrların repertuarından düşməyib...
Məhsuldar bədii yaradıcılıqla yanaşı, şair həm də müxtəlif məsul vəzifələrdə çalışıb. Bir neçə çağırış Azərbaycan SSR Ali Soveti və SSRİ Ali Sovetinin deputatı olub. Vətən qarşısında xidmətləri layiqincə qiymətləndirilib. Müxtəlif orden və medallarla təltif olunub, dövlət mükafatları laureatı olub. Sovet dövrünün ən yüksək təltifinə - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Əsərləri müxtəlif dillərə tərcümə olunub.

O 1989-cu ilndə Bakıda gözünü bu dünyaya yummuşdur. Onun məzarı fəxri xiyabanındadır.

Bu gün Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 117-ci ildönümü tamam olur
Bu gün Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 117-ci ildönümü tamam olur
Bu gün Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 117-ci ildönümü tamam olur
Infoteka.az