Bu gün Azərbaycanın Xalq artisti Ağasadıq Gəraybəylinin doğum günüdür.
Azərbaycan teatr və kino sənəti görkəmli aktyor, Azərbaycanın Xalq artisti Ağasadıq Gəraybəylinin şəxsində ən istedadlı, ən qabil aktyora malik idi. Sonrakı aktyor nəslinin yaranması və inkişafında onun böyük xidmətləri olmuşdu. Bu heç də təsadüfi deyildi. Zəhmətsevərlik və yaradıcılıq axtarışları ilə birləşmiş istedadı Azərbaycan səhnəsinin bəzəyi idi.
Ağasadıq Gəraybəyli 1897-ci il martın 15-də Şamaxıda doğulub. Görkəmli dramaturq Cəfər Cabbarlı ilə bir sinifdə oxuyan Ağasadıq Gəraybəyli Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində Kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəylinin qayğısı sayəsində teatr kursuna yazılıb.
A.Gəraybəyli professional səhnəyə 1921-ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrının səhnəsindən başlayır və 1932-ci ilə kimi bu teatrda çalışır.
A.Gəraybəyli dahi Üzeyir bəyin xeyir-duası ilə sənətə gəlir. Üzeyir Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı kimi nəhəng şəxsiyyətlərin müasiri olması Ağasadıq Gəraybəylinin ən böyük xoşbəxtliyi idi: "1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər” pyesində kefli İsgəndərin monoluqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. "Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır” – dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: "Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir”. Dahi bəstəkardan söhbət düşəndə aktyor onu böyük məhəbbətlə anırdı: "Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın”.
Ağasadıq Gəraybəyli Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və digər tamaşalarda rol alıb.
O, teatrla yanaşı, kinoda da maraqlı obrazlar yaradıb. “Bəxtiyar”da klub müdiri Ağabala, “O olmasın, bu olsun”da yaratdığı Rüstəm bəy obrazları ilə ölməzlik qazanıb.
Xalq artisti Ağasadıq Gəraybəylinin ömrünün son illərindəki xatirələri:
“Atamı erkən itirdim. Yetimə “gəl-gəl” deyən çox olar, əsil qayğı göstərən isə az... Ən çətin anlarımda yaradanımız imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. Kimsəsiz olduğumu dedim. Qəfil dilləndi: “Ay qız, Heyran, haradasan? Tanrı bizə züriyyət göndərib”.
Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar.
Haqq qalib gəldi.
Yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi ilk dəfə 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı.
SSRİ Xalq artisti Rəşid Behbudovun xatirələrindən:
“Bəxtiyar” filmində çəkiliş meydançasında Ağasadığı klub müdiri Ağabala rolunda görəndə sevindim. Çünki o, insan kimi də, aktyor kimi də əsl xarakter nümayiş etdirirdi. Bilirdim ki, o, bir neçə filmdə çəkilib. Ancaq Ağabalanı elə həvəslə oynayırdı ki, sanki kamera qarşısında deyildi, ekranda görünənlər real təsvirlər təki baxılırdı”.
"Ağasadıq Gəraybəyli həmişə qəlbimizdə yaşayan sənətkarlardandır.
Allah ona rəhmət eləsin. Amin!.
Ağasadıq Gəraybəyli kinonun səssiz dövründən tutmuş, ta ömrünün son illərinə qədər bir çox filmlərə çəkilib. Cəfər Cabbarlının «Sevil» əsərindəki Balaş surəti ona məhz C.Cabbarlının tövsiyəsi ilə verilib. O, Politexnik Texnikumunda oxuyanda Cəfər Cabbarlı ilə birlikdə təhsil alıb. Dostluqları da həmin məktəbdən başlayıb. Ağasadıq Gəraybəylinin sevimli rejissoru Lətif Səfərov idi. «Leyli və Məcnun», «Bəxtiyar», «Görüş» filmlərində oynadığı rollar həmişə tamaşaçılar üçün yenidir. O heç bir rol oynamasaydı belə, təkcə «Bəxtiyar» filmindəki Ağabala rolu onun kino aləmindəki ən möhtəşəm rolu olacaqdı. Lətif Səfərovun çəkdiyi elə bir film yoxdur ki, orada Ağasadıq Gəraybəyli oynamasın. Bəlkə də rejissor intihar etməsəydi, A.Gəraybəylinin kinoda yaratdığı rollar daha çox olacaqdı” - bunu da Xalq artisti Rafiq Əzimov söylədi.
A.Gəraybəyli kinoda əsasən komik rollar yaratsa da, oynadığı personajları ciddi obrazlar kimi qəbul edirik. Çünki o, rol aldığı filmlərdə komik surətlər yaratmağa yox, vəziyyətdən və xarakterdən yaranan ciddi gülüşü, məntiqli yumoru təqdim etməyə çalışıb və buna da nail olub. Bu isə aktyor texnikasının mahir bilicisi və sənət sirlərinə dərindən bələd olmaq deməkdir.
Aktyor “Məşədi İbad-80, yaxud köhnə tanışlar”, “Nəvəmin nəvəsinin nəvəsi” kimi “Mozalan” satirik kinosüjetlərində canlandırdığı obrazlara da koloritli ifasıyla baxımlılıq gətirib.
Onun yaratdığı rollar əsl sənətkarlıq məhsulu idi. Bu surətlərin hər birində tamaşaçı aktyorun qəlbini duyurdu. Ağasadıq Gəraybəyli səhnədə canlı sənət əsəri yaradırdı. Onu səhnədə görənlər bu gün də yüksək aktyorluq məharətini, çoxlarına örnək olan ömür yolunu heyrətlə xatırlayırlar.
Aktyorun səhnədə sonuncu rolu “Xurşudbanu Natəvan” əsərində Qoca Knyaz obrazı olub.
Ağasadıq Gəraybəyli 1933-cü ildən ömrünün son gününə qədər Akademik Dram Teatrında çalışıb.
Xalqın sevimli sənətkarı, böyük sənətdə silinməz izlər qoyan qüdrətli aktyor 5 dekabr 1988-ci ildə Bakı şəhərində vəfat etmişdir.
92 il yaşayan, teatr və kino tariximizdə unudulmaz iz qoyan Respublikanın Xalq artisti Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülmüşdü.
Ən böyük arzusu “O olmasın, bu olsun” filmində Rüstəm bəy rolunu oynamaq idi. Oynadı da...
Yaşadığı ömür yolunda onun ən böyük mükafatı isə xalqının sevgisi oldu və o sevgi bu gün də yaşayır...





