Infoteka.az
Siyasət

Sahibə Qafarova G20 Parlament sədrlərini işğalın dağıdıcı təsirləri barədə məlumatlandırıb

Milli Məclisin sədri Sahibə Qafarova "Böyük iyirmilik" ölkələrinin (G20) Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək məqsədilə İndoneziyanın paytaxtı Cakarta şəhərində işgüzar səfərdədir.

Milli Məclisin sədri sammitdə "Ərzaq və enerji təhlükəsizliyi, iqtisadi çağırışlar" mövzusunda çıxış edib. Spiker çıxışında belə tədbirlərin qlobal həmrəyliyin, əməkdaşlığın və çoxtərəfliliyin inkişafına böyük töhfə verdiyini söyləyib, hamımızı narahat edən məsələlərin müzakirəsində parlamentarilərin fəal iştirakı üçün vacib olduğunu qeyd edib.

Milli Məclisin sədri deyib ki, müasir dövrdə bəşəriyyət mürəkkəb və bir-biri ilə əlaqəli olan problemlərlə üzləşir. COVID-19-un mənfi təsirləri, iqtisadi sahədəki çətinliklər onsuz da mürəkkəb olan digər çağırışları daha da kəskinləşdirib. Xüsusilə, ərzaq və enerji təhlükəsizliyi əksər ölkələr üçün prioritet məsələyə çevrilib. Beynəlxalq ictimaiyyət təcili, lakin qısamüddətli tədbirlər görməklə vəziyyətə cavab verməyə çalışır. Spiker deyib ki, davamlı bərpaya nail olmaq üçün daha sistemli, sabit və uzunmüddətli yanaşmalar tətbiq edilməlidir. Sahibə Qafarova bu mənada Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətinə diqqət çəkib. Spikerin sözlərinə görə, onların ümumi platforma kimi rolu birgə fəaliyyət və kollektiv səylərlə daha da genişləndirilə, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə beynəlxalq səviyyədə əməkdaşlıq müsbət təsir göstərə bilər.

Spiker Sahibə Qafarova milli hökumətlərlə yanaşı, parlamentlərin də bu prosesdə iştirakına diqqəti cəlb edib. O deyib ki, qanunvericilik, büdcə tərtibatı və nəzarət sahələrində, xüsusilə də qabaqcıl təcrübənin mübadiləsi baxımından parlament əməkdaşlığının təkmilləşdirilməsi üçün imkanlar mövcuddur. Eyni zamanda, parlamentlərimizin müvafiq komitələri arasında əməkdaşlıq bizim birgə işimizi daha da dərinləşdirəcək, onu daha konkret və nəticəyönümlü edəcək.

Infoteka.az