Xəbər verdiyimiz kimi, Baharın gəlişinin carçısı olan Novruz bayramı Suraxanı rayonunda da böyük izdihamla qeyd olunub. Martın 17-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı ümumrayon tədbiri keçirilib.
Meydanın ortasında yerləşdirilən səməni, eləcə də novruzun personajları olan Bahar qızı, Keçəl, Kosa şənliyə gələn qonaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş ediblər. Məclisə faytonda daxil olan el ağsaqqalı Dədə Qorqudun cəngavərlərlə birgə “Atəşgah Məbədi”ndən götürdüyü odla bayram tonqalını alovlandırması və xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etməsi Novruz şənliyinin ən maraqlı məqamlarından biri olub.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Milli Məclisin deputatı Afət xanım Həsənovanın, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidovun, Rayon Prokuroru Rəşid Mahmudovun, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirlinin, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədovun, Rayon Məhkəməsinin sədri Rasim Kazımovun, Rayon Ağsaqqallar şurasının sədri Arif Babayevin, şəhid ailələrinin, qazilərin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin və rayon ictimaiyyətinin qatıldığı bayram şənliyində mədəniyyət müəssisələrinin, qəsəbə nümayəndəliklərinin və bələdiyyələrin təqdimatında müxtəlif sənət nümunələrinin nümayiş olunması, milli rəqslər və musiqilər, xoruz döyüşü, cəngi sədaları altında idmançıların rəngarəng çıxışları və kəndirbazların akrobatik hərəkətləri qonaqların əhval-ruhiyyəsinə bayram ovqatı qatıb.
Yazın gəlişini bildirən və xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, ümumtəhsil məktəblərinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları və maraqlı çıxışları, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.


















