“Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq”.
İnfoteka.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində müvafiq sualı cavablandırarkən bildirib.
Dövlət başçısı bildirib ki, enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək:
“Yəni, biz bu qədər itkilərlə üzləşməyəcəyik. Ona görə bu gün mümkün olan qaz ixrac potensialımızı təsəvvür etmək bir qədər çətindir, çünki daha da çox ola bilər. Biz, əlbəttə ki, çox təvazökarcasına bu rəqəmləri səsləndiririk. O rəqəmləri səsləndiririk ki, onların həyata keçməsinə tam əminik. Amma əminəm ki, daha çox olacaq.
Bizim həm qazımız, həm neftimiz, eyni zamanda, elektrik enerjimiz də Avropa qitəsinə ixrac ediləcəkdir. Buna nail olmaq üçün indi konkret proqramlar işlənib hazırlanır, bəlkə də bu haqda danışmaq bir qədər tezdir. Amma ümid edirəm ki, yaxın 6-7 ay ərzində bu sahədə də çox ciddi irəliləyiş olacaq. Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır”.