Görkəmli bəstəkarın yaradıcılıq yolu Azərbaycan musiqisinin böyük bir tarixi mərhələsini əhatə edir. Milli musiqi yaradıcılığının bir çox janrının inkişafında onun xidmətləri əvəzedilməzdir. Milli xor mədəniyyətimizin təşəkkülündə dahi Üzeyir Hacıbəyovdan sonra Cahangir Cahangirovun adı çəkilir.
Cahangir Cahangirov 1921-ci ilin iyunun 20-də Bakıda doğulub, musiqi təhsilini ilkin olaraq Asəf Zeynallı adına Bakı Musiqi məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında alıb.
Onun yaradıcılığı çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları və mahnıları var. Cahangir Cahangirovun xor musiqisi sahəsində maraqlı əsərlərindən olan "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürləri bu qəbildəndirlər.
Bu əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilmişdir. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.
Onlarla sevilən mahnı, simfonik əsər, kantata, xor musiqisivə operanın müəllifi olan C.Cahangirov xalq tərəfindən sevilib, müxtəlif fəxri adlarla təltif olunub.
Canahgir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operasında musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib.
"Xanəndənin taleyi" operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir. Cah-calalla həyat sürmək xatirinə qürbət ölkədə var-dövlətini göyə sovurub yoxsullaşan, təkcə səsi yazılmış sınıq qrammofon valı qalmış xanəndənin bu yadigarı şikəst olmuş həyatının rəmzi kimi qavranılır.
1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilmişdir. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.
Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərlərilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır.
Onun mahnıları asanlıqla ürəklərə yol tapır. Müasirlik, dövrün tələbi ilə ayaqlaşma Canahgir sənətinin başlıca məziyyətidir. Məhz bunun üçündür ki, Cahangirovun mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir.
Dahi bəstəkar çoxlu lirik mahnıların da müəllifidir. Mübaliğəsiz demək olar ki, bəstəkarın hərtərəfli istedadını üzə çıxaran bu janr ona daha çox müvəffəqiyyət gətirmişdir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir.
Cahangir Cahangirovun bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan "ayrılaraq" xalq arasında yayılmışdır. Bu mənada "Yenilməz batalyon" filmindən "Teymurun mahnısı"nı, "Koroğlu" filmindən "Xanəndə qızın mahnısı"nı, "Dəli Kür" filmindən "Ana kür" və "Bayatılar" mahnılarını yada salmaq olar. Bu mahnılarda lirik ifadə çox güclüdür.
Xalq artistinin mahnılarında söz və musiqi üzvi surətdə müəlliflərin də əməyini və istedadını təqdir etməmək olmaz. Uzun müddət Canahgirov Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışıb.
Cahangir Cahangirov 1992-ci ilin bu günü, yəni martın 25-də 72 yaşında dünyasını dəyişib. Onun haqqında "Bəstəkar Cahangir Cahangirov" adlı sənədli filmi çəkilib.
C.Cahangirovun yaradıcılığı çoxşaxəlidir. O, “Azad” və “Xanəndənin taleyi” operalarının, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarının, Sabir, Hüseyn Cavidə həsr olunmuş oratoriyaların, xalq mahnılarının xor üçün işləmələrinin, orijinal xor əsərlərinin, mahnıların, simfonik əsərlərin, kinofilmlərə və teatr tamaşalarına musiqilərin müəllifidir. Bəstəkarın ölməz şair Füzuliyə həsr etdiyi “Füzuli” kantatası xüsusən böyük şöhrət qazanmışdır. Müəllif şərqin misilsiz şairinin parlaq obrazını təsirli musiqi dili ilə əks etdirə bilmişdir.
C.Cahangirovun yaradıcılığının bir şaxəsini də onun gözəl lirik mahnıları təşkil edir. Bəstəkar müxtəlif irihəcmli əsərlərə müraciət etməklə yanaşı, mahnı janrına da daim üstünlük vermiş və gözəl nəğmələr bəstələmişdir. “Mahnıya ciddi münasibət bəsləmək lazımdır. Mahnının ideya, məzmun gücü, müasir səciyyəsi, sifəti olmalıdır”, - deyə bəstəkar bildirirdi.
Kino musiqisi sahəsində də C.Cahangirov gözəl bir iz qoymuşdur. Bu gün də sevərək izlədiyimiz “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qatır Məmməd” ,“Papaq” kinofilmlərinə bəstəkarın yazdığı musiqilər kino musiqi sənətimizin parlaq səhifəsini təşkil edir. Onun bir çox gözəl mahnıları məhz kinofilmlərdən, ekrandan “ayrılaraq” xalq arasında geniş şöhrət tapmışdır.
Cahangir Cahangirov vətəninə, elinə oldiqca bağlı bir insan olub. Bəstəkar xatirələrinin birində qeyd edir ki, 1961-ci ildə SSRİ Mədəniyyət Nazirliyi tərəfindən bəstəkar kimi bir illik ərəb ölkələrinə göndərilir. Məqsəd ərəb folklorunu toplayıb onun üzərində işlədikdən sonra orkestr üçün tərtib etmək imiş. “Vətən həsrəti məni olduqca sarsıdırdı” deyən bəstəkar qürbətdə darıxdırıcı günlər yaşadığını qeyd edir. “Vətən həsrətilə beynimdə bir melodiya həmişə səslənirdi və məni rahat qoymurdu” söyləyən bəstəkar Bakıya dönən kimi vağzalda onu qarşılayan yaxın dostu şair Zeynal Cabbarzadəni evə dəvət edir və tələsik, 15 dəqiqə içində Zeynal Cabbarzadə həmin melodiyaya “Vətən həsrəti” şeirini yazır. Bir neçə gündən sonra mahnı müğənni Şövkət Ələkbərovanın ifasında televiziya və radio ilə səslənməyə başlayır.
Cahangir Cahangirovun yaradıcılıq irsi olduqca əhatəli və rəngarəngdir və şübhəsiz ki, burada sadaladıqlarımızla məhdudlaşmır. Bəstəkarın irsi gələcəkdə hələ neçə-neçə tədqiqat işlərinin mənbəyi olacaqdır. Bu irsi təsdiq edən və əbədi yaşadan isə elə bəstəkarın musiqisidir. Cahangir Cahangirovun ölməz musiqisi səsləndikcə insanların könlü, bəstəkarın isə ruhu şad olacaq.



