Infoteka.az
İdman

Qara Qarayev: "Qarabağ"ın adı üçün oynayacağıq"

"Türkiyə klubları ilə oynamaq bizim üçün motivasiyadır. Oyunun mahiyyətini hər kəs bilir. Bu oyuna diqqət ayırdığı üçün hər kəsə təşəkkür edirəm. Xüsusi qeyd etməli bir şey yoxdur".

Bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev "Qalatasaray"la keçirəcəkləri xeyriyyə oyunundan əvvəl təşkil olunmuş brifinqdə deyib. Yarımmüdafiəçi İstanbul təmsilçisini qəbul etməyin əlamətdar hadisə olduğunu deyib: 

"Türkiyənin böyük klublarından olan "Qalatasaray"ı burada qonaq etmək həm "Qarabağ" üçün, həm də ölkə futbolu üçün əlamətdar hadisədir. Hər iki komanda üçün dəstək lazımdır. Düşünürəm ki, sabahkı matç bütün azarkeşlərin zövqünü oxşayacaq.  Hər kəsi oyuna dəvət edirəm".

Qarayev milli komanamızın oyunları ilə əlaqədar heyətdə bir sıra futbolçunun olmamasına da toxunub. O, bu şəkildə çıxış etməyin çətin olmayacağını deyib: 

"Əksər oyunçularımız milli komandalardadır. Rotasiyalar qaçılmazdır. Amma buna baxmayaraq Türkiynin ən yaxşı komandası olan "Qalatasaray"a qarşı "Qarabağ"ın adı üçün oynayacağıq. Heyətimizin tam olub-olmamasından asılı olmayaraq gücümüzü azarkeşlərimizdən almışıq. Onların sayəsində tam heyət ola bilərik. Məcburiyyətdən belədir".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

Infoteka.az