Infoteka.az
Mədəniyyət

Azərbaycan teatrının qüdrətli aktyoru, milli kinomuzun pafoslu qəhrəmanı Ələsgər Ələkbərovun 114 yaşı tamam olur.

Bu gün Xalq artisti Ələsgər Ələkbərovun doğum günüdür.

Ələsgər Ələkbərov 1910-cu il martın 26-da Bakının Buzovna kəndində anadan olub. Ailədə 3 qardaş, 4 bacı olublar. 8 yaşında Bakı Realnı Məktəbinin birinci sinfinə gedib. Elə ilk siniflərdən şeirə, ədəbiyyata, sənətə böyük marağı olduğundan həmyaşıdları onu “aktyor” deyə çağırıblar.

Ələsgər Ələkbərov atası rəhmətə gedəndən sonra təhsilini doqquz saylı məktəbdə davam etdirir. 13 yaşı olandan sonra artıq işləməyə başladığına görə, 23 saylı məktəbdə gecə dərslərinə getməklə təhsilini başa vurub. 14 yaşından Ələsgər Ələkbərov Əbilov adına klubun dram dərnəyinə getməyə başlayır. Anası onun bu istəyinə qətiyyətlə etiraz etsə də Ələsgər fikrindən dönmür.

Ə.Ələkbərov Bakıdakı Realnı Məktəbdə(1918), Bakıdakı Teatr Texnikumunda(1927-1930) təhsil alıb. İlk fəaliyyət illəri Türk İşçi Teatrından başlayıb, bir neçə il Tiflis Azərbaycan Teatrında, daha sonra  Gəncə teatrlarında davam edib. 1933-cü ildən öz yaradıcı taleyini Milli Dram Teatrına bağlayıb və bu teatrın səhnəsində önəmli obrazlar oynayıb. Aktyorun  Vaqif (“Vaqif”) və Otello (“Otello”) rolları, bəlkə də onun sənət dünyasının ən dəyərli nişanələridir.

Teatr tarixindən belə məlum olur ki, aktyor öz təbiətinə uyğun olan yeri məhz rejissor Adil İsgəndərovun monumental səpkili tamaşalarında tapıb. Rejissorun quruluşunda hazırlanan “Həyat” (Akif və Süleyman), “Xanlar” (Xanlar), “Fərhad və Şirin” (Fərhad), “Nizami” (Əbdək), “Cavanşir” (Cavanşir), “Aydın” (Aydın), “1905-ci ildə” (Salamov), “Türkiyədə” (aparıcı müəllif), Şekspirin “Otello” (Otello) vəs. tamaşalarında öynadığı obrazlar silsiləsi ilə özünəməxsusu ifa nümayiş etdirib.

Aktyor ilk dəfə 18 yaşında “Vulkan üzərində ev” filmində Həsən rolunu oynayıb. Daha sonra “Lətif”, “Almaz”, “Kəndlilər” filmlərində çəkilib. O, “Fətəli xan” filmində baş qəhrəman obrazı ilə sübut etdi ki, tarixi qəhrəmanları da yüksək ustalıqla ifa etmək lazımdır.

“Ögey ana” filmindəki Hüseyn dayı – kəndin ağsaqqalı obrazı aktyorun ifasında təmkinli, sözübütöv insan təsiri bağışladığı halda, “Qara daşlar” filmindəki İsmayılzadə rolu daha ciddi xarakterə malik insandır.

Ümumiyyətlə Ələsgər Ələkbərovun yaradıcılığında kino sənətinin xüsusi  yeri olub. Kino tənqidçiləri onun yaratdığı obrazları xarakterizə edərkən qeyd ediblər ki, aktyorun rolları klassik aktyor sənəti məktəbinin gözəl ənənələrinin yaşatmaqla yanaşı, eyni zamanda hər aktyora müəssər olmayan yaxşı kino texnikasına malikdir.

Aktrisa Hökümə Qurbanova ilə qonşu olublar. Aktyor Höküməni görən gündən ona vurulub. Anasını onlara elçi göndərib. Deyilənə görə guya sənətçi özü də bu elçilikdə iştirak edib. Lakin, Hökümə xanımın anası elçilərə yox cavabı verərək deyir: "Sizin oğlunuz camaatın qabağına çıxıb mütrüflük edir, mən ona qızımı verə bilmərəm" söyləyir... İkinci elçilik də məyusluqla nəticələnir. Hökümə Qurbanova isə o biri otaqda ağlayıb deyirmiş: “Əgər məni Ələsgərə verməsəniz, kerosini üstümə töküb özümü yandıracağam...” Sonda razılıq alınır. 1933-cü ildə ailə qururlar. Nailə adlı bir qızları doğulur. Bir neçə ildən sonra isə cütlük qısqanclıq səbəbi ilə ayrılır.

Ayrılandan sonra hər iki sənətkar uzun illər biri-biriylə küsülü qalıblar. Yalnız “Qış nağılı” tamaşasında Hökümə Qurbanovanın bir neçə dəqiqə tərpənmədən buza donmuş heykəl kimi dayanan obrazını görəndə Ələsgər Ələkbərov tamaşadan sonra Hökümə Qurbanovaya yaxınlaşıb “sənətkarlığın, aktyorluğun qarşısında baş əyirəm” - deyir. Beləcə neçə illik küsülülüyə son qoyulur və iki sənətkar barışır.

Ələsgər Ələkbərovun ikinci evliliyi Zoya adlı yəhudi qadınla, üçüncü evliliyi isə Janna adlı tatar qadınla baş tutur. İkinci evlilikdən aktyorun Ramiz adlı övladı doğulur.

Adil İsgəndərovun görüb bəyənib, rol verdiyi ilk milli kadrlardan biri Ələsgər Ələkbərov olub. “Otello” tamaşasındakı Otello obrazını da Ələsgərə Adil İsgəndərov tapşırıb.

1959-cu ildə Moskvada keçirilən ongünlükdə Azərbaycandan gəlmiş incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilir. Akademik Dram Teatrının payına düşən fəxri ada isə Ələsgər Ələkbərov layiq görülməli olsa da, həmin ad ona deyil, dostu və rejissoru Adil İsgəndərova verilir. Bu hadisə Ələsgər Ələkbərova bərk toxunur və o, qəlbindəki incikliyi dəf edə bilmir. Bakıya qayıdandan sonra teatrdan çıxmaq barədə ərizə yazaraq işdən çıxır. Sonralar hər ikisi etiraf edirlər ki, onların küskünlüyü Azərbaycan teatrı üçün baha başa gəlir.

Sənət dostlarının söhbətlərinə görə, onların arasında inciklik hələ “Vaqif” tamaşasından əvvəl də varmış Hətta Adil İsgəndərov küsülü olsalar da Vaqif rolunu Ələsgər Ələkbərova verəndə teatrda hamı bunu təəccüblə qarşılayıb. Onların təəccüb dolu baxışlarına Adil İsgəndərov bir kəlmə ilə - qadam, mən ondan başqa Vaqif görmürəm – deyə cavab verib. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Adil İsgəndərov haqqında “On sozdal menya” deyirmiş. Bir müddət sonra Adil İsgəndərov da teatrdan gedir. 1960-cı ilin sonunda Ələsgər Ələkbərov teatra qayıdıb və o, sonralar “İsgəndərovsuz teatr həmin teatr deyil” deyərək öz fikrini və təəssüfünü hər yerdə bildirib.

“Böyük dayaq” filmi çəkilərkən aktyorun böyrəklərində ciddi nasazlıq baş verib. Film boyu sənətkar bir çox kadrlarda at üstündə olur. Lakin Ələsgər Ələkbərovun böyrəkləri xəstə olduğu üçün at minə bilmir. Xeyli götür-qoydan sonra filmin operatoru çıxış yolu tapır: Çəkiliş meydançasına gətirilən yük maşınında yəhər quraşdırıb, çəkilişi aparmağa başlayır. Filmə baxanların da heç ağlına gəlmir ki, Rüstəm kişi atsız yəhərin üstündə çapır.

Deyilənə görə “Böyük dayaq” filmindəki Rüstəm kişi obrazında onu başından vurub Kürə atdıqları zaman, həqiqətən zərbənin ağırlığından başından zədə alıb. Amma həmin kadrda onun başına vurulan ağac olmayıb, yumşaq material olub.

1962-ci il…“Böyük dayaq” filmində Rüstəm kişi obrazı…xasiyyətcə sərt, bəlkə bir az da qısqanc olan, ailənin yumruq kimi bir olması tərəfdarı olan, yeri gələndə özündən çıxaraq səsini yüksəldən, ancaq nə olur olsun vicdanın öndə gəldiyinə inanan, işində, xalqa, dövlətə can yandıran bu adam çox tələbkardır. Bəlkə də aktyor elə özünü oynayırdı, axı onun da xasiyyəti də sərt və tələbkar olub. Aktyorun Həsən Məmmədovla olan tərəfmüqabil işində-ata-oğul münasibətləri də səmimiyyət üzərində qurulub.

Xatırladaq ki, “Böyük dayaq” filmindəki sillə səhnəsi quraşdırma olmayıb, həqiqidir. Bunu mərhum Həsən Məmmədov deyib. Hətta onu da deyib ki, ssenaridə belə bir səhnə var idi, hətta Ələsgər müəllim çəkilişdən əvvəl əlini göstərərək “bunun zərbəsinə dayana biləcəksən” deyə soruşub”. Cavabında narahat olmayın, dedim. Yəni, necə istəyirsiniz, elə də vurun. Ələcgər Ələkbərov heç də narahat olan aktyorlardan deyildi, əksinə Həsən Məmmədovu obraz  üçün hazırlayıb, bu da o demək idi ki, həmin səhnənin təbii çıxması üçün zərbəyə hazır ol. Aktyorun oynadağı filmlərdəki obrazlar, istər “Uzaq sahillərdə” filmindəki, Ferrero, istərsə də bəhs etdiyimiz digər filmlərdəki ( “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Fətəli xan” və s) rollar yaddaqalandır, düşündürücüdür, obrazların xarakterini bütün müsbət və mənfi cəhətlərini tam aça bilib. Onun aktyor kimi qüdrətli olmağının səbəbi, bəlkə də sirri də sadəcə budur-Obrazın daxili dünyasına baş vurmaq…

1961-ci ildə SSRİ Xalq artisti adı alandan sonra həmin axşam Ələsgər Ələkbərov “Otello”nu oynayıb. Tamaşanın sonunda Otello yerə yıxılan zaman aktyor oyuna qapılıb özünü yerə möhkəm çırpıb və başı səhnənin döşəməsinə elə bir zərbə ilə dəyib ki, amfiteatrda əyləşənlər onun əks –sədasını eşidib: “Hamı özündən asılı olmayaraq heyrətlə ayağa qalxdı, elə bildik Ələsgərə nə isə oldu, pərdə dərhal bağlandı, sonra baş əyməyə gələndə gördük gülümsəyir, amma o zaman başı zədə almışdı”.

Aktyorun səhnədə aldğı zədə onu ölümünə qədər müşayət edib.

1963-cü il yanvarın 31-i səhər saat 6 radələrində böyük sənətkar Ələsgər Ələkbərov dünyasını dəyişir. Ələsgər Ələkbərov 53 yaşında dünyasını vaxtsız dəyişəndə onu son mənzilə yola salmağa ilk məhəbbəti Hökümə Qurbanova və köhnə dostu Adil İsgəndərov da gəlir. Dərin kədər və düşüncələr içində.

Azərbaycan teatrının qüdrətli aktyoru, milli kinomuzun pafoslu qəhrəmanı Ələsgər Ələkbərovun 114 yaşı tamam olur.
Azərbaycan teatrının qüdrətli aktyoru, milli kinomuzun pafoslu qəhrəmanı Ələsgər Ələkbərovun 114 yaşı tamam olur.
Azərbaycan teatrının qüdrətli aktyoru, milli kinomuzun pafoslu qəhrəmanı Ələsgər Ələkbərovun 114 yaşı tamam olur.
Azərbaycan teatrının qüdrətli aktyoru, milli kinomuzun pafoslu qəhrəmanı Ələsgər Ələkbərovun 114 yaşı tamam olur.
Azərbaycan teatrının qüdrətli aktyoru, milli kinomuzun pafoslu qəhrəmanı Ələsgər Ələkbərovun 114 yaşı tamam olur.
Azərbaycan teatrının qüdrətli aktyoru, milli kinomuzun pafoslu qəhrəmanı Ələsgər Ələkbərovun 114 yaşı tamam olur.
Infoteka.az