Infoteka.az
Mədəniyyət

Bu gün aktyor Səməndər Rzayevin anım günüdür

Azərbaycan teatr və kino aktyoru Səməndər Rzayevin anım günüdür.

Atası adını Səməndər qoydu, taleyini Tanrı verdi. Tanrı yazdı ki, Səməndər aktyor olacaq, sənəti üçün əbədi odlara yaxacaq özünü.  Səhnədə, kinoda  misilsiz obrazlar yaradacaq, heç vaxt süni, ürəksiz oynamayacaq. Dublyajda da ürək qoyacaq.  Onun səsində başqasının obrazı elə canlanacaq ki, elə bil  Səməndər Rzayev özü oynayır, oynayan aktyor onun səsində əriyib itəcək. Sənəti üçün belə yandığına görə cəmi 41 il yaşayacaq...

Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olub. Müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" tamaşasında Horatsio olub.

Səməndər çoxuşaqlı ailənin sonbeşiyi olub. Uşaqlıq illəri müharibədən sonrakı dövrlərə tuş gəldiyi üçün çox çətinliklə böyüyüb. Anası adının qısaldılmış formada Səməni - deyə çağırarmış.

Bir gün dostları ilə oynadığı zaman körpüdən sürüşüb üzüaşağı yuvarlanan Səməndər dizindən ağır zədə alır. Diz qapağı sınan uşaq düz dörd il xəstəxana, sonra isə ev şəraitində müalicə olunur. Həmin dörd il onun üçün gələcək həyatının bünövrəsini qoyub. Hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacı olmayan Səməndər radiodan dinlədiyi "Arxip baba və Lyonka" radio-tamaşasındakı Arxip baba rolunda Ələsgər Ələkbərovun səsini eşidib aktyor olmağa qərar verir.

“Uşaqlığın son gecəsi” filminin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər Rzayev olub. Amma sonralar o, kinoda da öz sözünü deyib. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları - Səməndərli anları kino tariximizə köçürüb. “Çarvadarların izi ilə” filmində Səməndər elə Səməndəri oynayıb. Bu filmin əsasında İlyas Əfəndiyevin “Körpüsalanlar” əsəri durur. Səməndər Rzayev filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərəçarpan, yaddaqalan obrazdır. “Nəsimi”də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırıb. Bu, aktyor üçün böyük məsuliyyət olub. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edib. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirib. Səməndər Rzayev obrazı elə özününküləşdirib ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan.

Səməndər Rzayev çox vaxt filmlərdən imtina edib. Çünki çox məşğul olub. Teatrda işləyib. Televiziya filmlərində, tamaşalarında oynayıb, “Bulaq” verilişinin isə daimi aparıcılarından olub. Şakir Şəkəroviç (“Evləri köndələn yar”) hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, “Bulaq” verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.

Çoxdiapazonlu, son dərəcə xəlqi və eyni dərəcədə intellekt-elitar sənətkar 41 illik ömründə çəkildiyi və səsləndirdiyi 63 filmin birindəki (“Bəyin oğurlanması”) “bu kino ki var...”, oynadığı yüzlərlə tamaşaların birindəki (“Şəhərin yay günləri”) “Ə, bə bu nətəər olur?!” kimi sözləri..., diqər oyunları hələ də unudulmur.  
Millətini, xalqını çox sevən Səməndər Rzayev həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. O, ən adi epizodlarda belə böyük azərbaycanlı kimi görünürdü. 

Səməndər Rzayevin səsində Azərbaycan radiosunun “Bulaq” verilişi bir başqa aləm idi. Xalq artisti Məhluqə Sadıqova ilə Səməndər Rzayevin biri-birindən gözəl üslub-üsulla mətni oxumaqla,  sənətkarlar o verilişin iki nəfərlik kollektivi önündə də qeyri-adiliklərindən qalmırdılar. 
 “Həə, di sağ olun, salamat qalın, istəkli dinləyicilər...” - deyimi hələ də qulaqlarımızdan getmir. 

Və günlərin birində “Həyatın dibində” tamaşasına xəstə vəziyyətdə gəlib. Xəstəxanada olub. Xəstə olsa da teatrdakı rollarından qalmayan aktyor günlərin birində "Sizi deyib gəlmişəm" tamaşasında Xudayar bəyi oynayır. Tamaşa vaxtı aktyorun halı gözlənilmədən pisləşir. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməyib. Həmin axşam mərhum sənətkar teatrda ən ağır və ən çətin gününü yaşayıb. Bu soyuq səhnədə xəstə aktyorun son oyunu olub. 

Yanvarın 2-də ad gününü qeyd edən aktyor sonrakı gün xəstəxanaya aparılır. Bir müddət sonra xəstəxanada komaya düşür. Bir ay komada qaldıqdan sonra 27 mart 1986-cı ildə dünyasını dəyişir.

Xəstəliyinin son günlərində rejissor Ramiz Həsənoğlu xəstəxanaya Səməndərin yanına gedir. Onlar xeyli söhbət edirlər. Söhbətin sonunda Səməndər rus dilində belə deyir "Mne tak xoçetsa jit"... (Yaşamaq istəyirəm)

...Deyirlər ki, Səməndər adlı bir quş var, o, odda yaşayır. Yanıb-yanıb kül olur. Lakin külün ortasındakı qor yumurtaya çevrilir və yenidən Səməndər quşu peyda olur.
Bu bənzərsiz aktyor - səhnəmizin, kinomuzun, radiomuzun, televiziyamızın Səməndəri - Səməndər Mənsim oğlu Rzayev də bu dünya durduqca var olacaq bu dünya durduqca yaşayacaqdır!

Bu gün aktyor Səməndər Rzayevin anım günüdür
Bu gün aktyor Səməndər Rzayevin anım günüdür
Bu gün aktyor Səməndər Rzayevin anım günüdür
Bu gün aktyor Səməndər Rzayevin anım günüdür
Bu gün aktyor Səməndər Rzayevin anım günüdür
Bu gün aktyor Səməndər Rzayevin anım günüdür
Bu gün aktyor Səməndər Rzayevin anım günüdür
Bu gün aktyor Səməndər Rzayevin anım günüdür
Infoteka.az