"Kvabena Ovusunun qolunda hakim ilk olaraq oyundankənar vəziyyət olduğunu bildirmişdi. Həmin vaxt yerli azarkeşlər də bizə tərəf dönüb əlləri ilə təhqiramiz hərəkətlər etdilər ki, sevinciniz yarımçıq qaldı. VAR yan xətt hakiminin səhvini düzəltdi və qol qeydə alındı".
Bu fikirləri report-a açıqlamasında "Qarabağ"ın Yunanıstanda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldiyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu arenada izləyən futbol eksperti, menecer Səbuhi Səfiyarlı deyib.
O, "Georgios Karaiskakis" stadionunda təzyiqin çox böyük olduğunu bildirib: "Fanatlar həmin hərəkətdən sonra cavablarını aldılar. Təzyiqi media nümayəndləri və qonaq kimi gələn şəxslər də hiss edirdi. Əsas tribunalar bağlansa da, əsas azarkeş qrupları stadionda yerlərini almışdılar. 90 dəqiqə də dayanmadan dəstək olurdular. Ancaq "Qarabağ"ın 3-cü qolundan sonra gərginlik azaldı və oyunun taleyi ilə barışdılar. 0:2 hesabı ilə geridə olanda belə öz komandalarını irəli səsləyirdilər".
Səfiyarlı "köhlən atlar"ın rəqibi ilk hissədə zərərsizləşdirdiyini söyləyib: "Avrokubok matçlarında görürük ki, "Qarabağ"ın ilk məqsədi rəqibin təzyiqinin qarşısını almaq, daha sonra öz oyununu diktə etməkdir. Eyni ssenari Almaniyada "Frayburq", Bakıda isə Fransa "Nant"ı ilə görüşdə oldu. Səviyyə fərqinə görə əvvəlki iki görüşdə təzyiq daha güclü idi. "Frayburq" erkən qol vurduğu üçün qələbəyə nail oldu. "Nant" isə üstün olduğu dəqiqələrdə hesabı aça bilmədi, "köhlən atlar" təşəbbüsü ələ aldı və rahatlıqla istəyinə çatdı. "Olimpiakos" real qol şansı yaratmasa da, ilk hissədə təzyiq hiss edilirdi. Həmin dəqiqələrdə qol vura bilsəydilər, "Qarabağ"ın işi çətin olacaqdı. Komanda "Olimpiakos"un üstün olduğu dəqiqələrdə qol buraxmadı və həmin təzyiqin altından çıxa bildi".
Səbuhi Səfiyarlı
"Qəbələ" klubunun sabiq meneceri oyunun qırılma anının əvəzetmələr olduğunu vurğulayıb: "Ramil Şeydayev və Juan Romaonun meydana daxil olmasından sonra Ağdam təmsilçisi daha aqressiv oynamağa başladı. Romao indiyədək "Qarabağ"da ən yaxşı oyununu keçirdi. Yarımmüdafiədə topa daha çox sahib oldu. Şeydayevin isə qol vurmaq istəyi hiss edilirdi. Bir neçə epizodda oyunu öz üzərinə götürdü. Üçüncü qol məhz həmin istəyin, motivasiyanın və aqressiyanın nəticəsidir. Bunu Qurban Qurbanovun qola reaksiyasından da başa düşmək olur. Bəlkə də demək istəyirdi ki, mən bunu istəyirdim. Şeydayev qoldan sonra rəqib tribunasına tərəf də qaçdı. Bunlar hamısı çox yüksək motivasiyanın təsiridir".
Səfiyarlı Pirey təmsilçisinin ilk hissədə Azərbaycan çempionunu irəlidə sıxdığını deyib: "Onlar müdafiədən oyunun qurulmasına mane olurdu. Belə olan halda qapıçı topu irəli vururdu. Ön xəttdə hava mübarizəsindən qalib ayrıla biləcək oyunçu sayı isə az idi. Toral Bayramov və Ramil Şeydayev meydana girdikdən sonra həmin topları qazanmağa başladıq. Şeydayev həm də Leandro Andradedən daha çox xeyir verdi. Meydana daxil olan futbolçular verilən bütün tapşırıqları yerinə yetirdilər".
O, son olaraq "Qarabağ"ın G qrupunda ilk iki yer uğrunda mübarizə aparacağını diqqətə çatdırıb: "Qrup üçüncüsü UEFA Konfrans Liqasında mübarizəyə davam edir. "Frayburq"un son turda Bakıya gələcəyini nəzərə almaq lazımdır. Həmin matçda ilk iki yerin taleyinə aydınlıq gələ bilər. Almaniya klubunu çətin "Nant" səfəri gözləyir. Fransa təmsilçisi də hamıya uduzmaq istəmir. Evdə bu komandaya qarşı nəsə etməyə çalışacaq. Bundesliqa təmsilçisinin xal itirməsi isə "Qarabağ"ın xeyrinə ola bilər. Düşünürəm ki, "Qarabağ" Avropa Liqasında mübarizəni davam etdirəcək. Çox güclü komanda düşməsə, növbəti mərhələni də keçmək barədə düşünə bilərik".