Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib.
Bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və “Azəri-Mərkəzi-Şərqi” layihəsinin baş direktoru Nil Filips dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat veriblər.
Bildirilib ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri altı milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır.
Bu layihə çərçivəsində dənizdə suyun dərinliyinin təxminən 140 metr olan sahəsində - “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.
Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressor və suvurma platformasından “Azəri-Mərkəzi-Şərqi” qurğularına nəql etmək məqsədilə “Azəri-Mərkəzi-Şərqi” və “Şərqi Azəri” platformaları arasında suvurma boru xətti olacaq.
Məlumat verilib ki, “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur.
Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində “Azfen” şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqların artıq 95 faizi tamamlanıb.
Üst modulların tikinti işlərinin kulminasiya nöqtəsi Xəzərdə bp-nin ilk dəfə icra etdiyi “qaldırma və sürüşdürmə” əməliyyatı olub. Bu əməliyyat zamanı iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə “Azəri-Mərkəzi-Şərqi” platformasının üst tikililər blokunun üzərinə yerləşdirilib.
Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4 400 nəfərədək işçi cəlb edilib və onların 90 faizindən çoxu Azərbaycan vətəndaşı olub.
Sonra görülən işlərlə bağlı videoçarx nümayiş olunub.