Peruda hökumət əleyhinə nümayişlərdə yaralanan daha bir nəfərin ölümündən sonra ölənlərin sayı 69-a çatıb.
Hökumət əleyhinə nümayişlərdə yaralanan 37 yaşlı Manuel Quilla Puno bölgəsinin Culiaka şəhərində dünyasını dəyişib.
Beləliklə, 11 dekabr 2022-ci ildən keçirilən nümayişlərdə ölənlərin sayı 69-a yüksəlib. Quillanın ölümündən sonra açıqlama verən ailə üzvləri Quillanın polis idarəsində məruz qaldığı işgəncələr nəticəsində öldüyünü iddia edib. Ölkədəki insan haqları təşkilatlarının məlumatına görə, etirazlarda ölən 69 nəfərdən 50-nin ölüm səbəbinin təhlükəsizlik qüvvələrinin birbaşa müdaxiləsi nəticəsində olduğu iddia edilib.
Nümayişçilər prezident Dina Boluartenin istefasını, Konqresin bağlanmasını və dərhal növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.
Qeyd edək ki, Peruda 2022-ci il dekabrın 7-də Konqres tərəfindən keçmiş prezident Pedro Kastilonun kənarlaşdırılması ilə bağlı etirazlar başlayıb.