Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. Görüş zamanı Bayraktar Prezident İlham Əliyevə "Baykar" şirkəti tərəfindən istehsal edilən "KızılElma" insansız qırıcısının maketini hədiyyə edib.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bayraktarın Bakıya səfəri həm də onunla əlamətdar olub ki, Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Baykar" şirkəti Azərbaycanda fəaliyyətə başlayıb.
Məlumata görə, "Baykar Teknoloji Azerbaycan" şirkəti süni intellektlə işləyən insansız sistemlərin tədqiqi və inkişafı, insansız platformalar, fabrik səviyyəsində texniki xidmət, pilotluq, texniki xidmət hazırlığı, texniki dəstək, logistika koordinasiyası sahələrində işləyəcək.