Infoteka.az
Hadisə

20 nömrəli məktəbdə zəhərlənən şagirdlərin son durumu açıqlandı: Birinin vəziyyəti ağırdır

“20 nömrəli məktəb-liseydə baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb ediliblər”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, zəhərlənənlərdən 6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib:

“Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir”.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Bakıda məktəblilər arasında zəhərlənmə olub. 

Məlumata görə, zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb. 

İlkin ehtimala görə, zəhərlənmə ibtidai sinif şagirdləri arasında qeydə alınıb.

Infoteka.az