"Qafqaz regionundan gələcək "yaşıl enerji" həm şaxələndirmə, həm də Macarıstanın enerji ehtiyacının təmin edilməsi üçün bir fürsətdir".
Bunu Macarıstanın xarici işlər və ticarət nazir Peter Siyarto Tbilisidə keçirilən Yaşıl enerji Dəhlizi Forumunda çıxışında deyib.
Nazir bildirib ki, "yaşıl enerji"nin ötürülməsi üçün Gürcüstanı Rumıniya ilə birləşdirən sualtı kəmər çəkilməlidir.
"Təşəbbüs reallaşarsa, bu, təxminən 1200 kilometr uzunluğunda dünyanın ən uzun sualtı kəməri olacaq. Biz iddialı planları sevirik, böyük xəyal qurmağı sevirik", - Macarıstan XİN rəhbəri deyib.
O bildirib ki, Macarıstan bu təşəbbüsün mümkün qədər tez və effektiv həyata keçirilməsində maraqlıdır: “Ona görə də hesab edirik ki, bizim aydın gündəliyə ehtiyacımız var və texniki-iqtisadi əsaslandırma bütün layihəyə və milli inkişaf planlarına da şamil edilməlidir. Macarıstan hökuməti xərcləri bölüşməyə hazırdır və bununla bağlı ümumi, dörd dövlətdən ibarət iqtisadi qurumun yaradılmasını dəstəkləyir".
O, Bolqarıstanın da layihəyə qoşulmaq istədiyini və Macarıstanın bunu dəstəklədiyini bildirib.