Azərbaycan Hava Yollarının (AZAL) yaradılmasından 31 il ötür.
7 aprel 1992-ci ildə təsis edilən və mülki aviasiyasının əsas infrastrukturu və beynəlxalq aviasiya birliyinin tamhüquqlu üzvü olan AZAL ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir.
AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir.
Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən, AZAL Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilib.
2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin qərarı ilə Binə hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu adlandırılıb.
2018-ci ildə Britaniyanın “Skytrax” konsaltinq şirkəti tərəfindən Azərbaycanın milli aviadaşıyıcısı “5 ulduz” reytinqinə layiq görülüb. “Skytrax” şirkətinin versiyasına görə, “Azərbaycan Hava Yolları” aviaşirkəti Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılıb.
Həmçinin AZAL Azərbaycanda böyük ziyanla fəaliyyət göstərən dövlət şirkətlərindən biridir. Ümumilikdə AZAL-ın tabeliyində olan qurumların sayı 14-dür. Bunlardan 7-si ayrı-ayrı rayonlarda yerləşən hava limanlarıdır. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir.
Hazırda AZAL QSC-nin tərkibinə aşağıdakı strukturlar daxildir: Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları”, “Buta Airways” aşağıbüdcəli aviaşirkət, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS), Milli Aviasiya Akademiyası, Aviasiya Təhlükəsizlik Baş İdarəsi (ATİ), “AzalOil” Yanacaq-Sürtgü Materialları İdarəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu, Gəncə Beynəlxalq Hava Limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı, Laçın Beynəlxalq Hava Limanı, Yevlax hava limanı, Filial və nümayəndəliklər.